“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Sloveniya komandaları arasında Çelyedə baş tutmuş cavab görüşündə qalib müəyyənləşməyib – 3:3.
İlk oyunda 2:3 hesabıyla uduzmuş “Sabah” Avroliqa ilə vidalaşmalı olub. Dambrauskas cavab matçından sonra təşkil olunmuş mətbuat konfransında rəqibi təbrik etməyi də unutmayıb:
“Çelye”ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Fikrimcə, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq – çünki bu, son saniyədə baş verdi. Bu oyuna gəlincə, yalnız futbolçularımı tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı.
“Çelye” bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, duran toplardan buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq, əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da, bu, kifayət etmədi.
İndi əsas məqsədimiz tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq”, deyə Dambrauskas söyləyib.