Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.
Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.
Sonra “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.
Bildirildi ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.