Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, sədr Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə tədbirin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, belə beynəlxalq görüşün Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.
Söhbət zamanı spiker qonaqlara Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.
Spiker bildirib ki, qanunvericilik funksiyası ilə yanaşı, Milli Məclis nəzarət funksiyalarını da icra edir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasının fəaliyyətində əsas prioritetlərdən biri beynəlxalq əməkdaşlıqdır. Bu fəaliyyət institusional potensialın gücləndirilməsinə, qabaqcıl standartların tətbiqinə və ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq dövlət auditinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Söhbət zamanı Milli Məclisin sədri qonaqların bu səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəklərindən məmnunluqla danışıb və onlara ölkəmizin Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi, orada aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumat verib.
Görüş üçün təşəkkürünü bildirən Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kai Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısında və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə görüşündə iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluqla danışıb.