2025-ci ilin birinci yarısında Ukraynada ölənlərin sayı yeni doğulanların sayından demək olar ki, üç dəfə çox olub.
Operativ Media xəbər verir ki, bu haqda ölkənin dövlət reyestrlərinin monitorinqi üzrə ixtisaslaşan "Opendatabot" xidmətinin məlumat yayıb.
Xidmət, Ukrayna Ədliyyə Nazirliyinin statistikasına istinadən xəbər verir ki, 2025-ci ilin birinci yarısında ölkədə 86 795 nəfər doğulub, 249 002 nəfər ölüb. Doğulanların ölümə nisbəti təxminən 1:3-dür.
Bu tendensiya artıq beş ildir davam edir. Belə ki:
2021-ci ilin birinci yarısında Ukraynada 133 457 nəfər doğulub, 349 042 nəfər ölüb;
2022-ci ilin birinci yarısında 104 905 nəfər doğulub, 291 071 nəfər ölüb;
2023-cü ilin birinci yarısında 93 491 nəfər doğulub, 258 055 nəfər ölüb;
2024-cü ilin birinci yarısında isə 87 655 nəfər doğulub, 250 972 nəfər ölüb.
Üstəlik, son altı ayda ən çox yeni doğulan körpə Kiyevdə qeydə alınıb – 9 947 nəfər, bu da ümumi doğum sayının 12 faizini təşkil edir. Ən çox ölüm halı isə Dnepropetrovsk vilayətində qeydə alınıb – 27 mindən çox, bu isə ölkədə hər doqquzuncu ölüm halına bərabərdir.