AZ

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olundu

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. Bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib. “Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub. Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb. Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər.

Seçilən
378
41
publika.az

10Mənbələr