AZ

Audiovizual Şura "Xəzər TV"-yə xəbərdarlıq edib

Audiovizual Şura onlayn iclasında "Xəzər TV" kanalına xəbərdarlıq edib.

Far.Az xəbər verir ki, iclasda kanalın efirində iyulun 16-da yayımlanan "Qonaqcanlı" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.

Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." məzmunda cavab verib.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Şura üzvləri məsələni ətarflı müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib.

Həmçinin qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib.

Sonda Audiovizual Şuranın üzvləri "Xəzər TV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

Seçilən
12
15
far.az

10Mənbələr