AZ

İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...


Akif Nağı: “Ermənistanda Paşinyan və onun komandası artıq reallığı başa düşür”...

Qarabağdan könüllü köçüb Ermənistana gedən ermənilər, onların qondarma “rəhbərləri” yenə də öz köhnə bayatılarını çağırmağı davam etdirmək istəyirlər. Lakin Ermənistan hökuməti onların gen-bol qol-qanad açmasının qarşısını alan addımlar atır. Bundan da Qarabağdan getmiş ermənilər məyus olurlar.

Ermənistan höküməti onların heç bir oyuncaq təşkilatının fəaliyyətinə imkan vermir. Ermənistanın Baş Prokurorluğu İnzibati Məhkəmədə artıq tarixdən silinmiş və məhv edilmiş, hansısa kağız parçalarında adı keçən “Artsax Respublikasının” İrəvandakı “Daimi Nümayəndəliyinin” binasına mülkiyyət hüququnun etibarsız sayılması tələbi ilə iddia qaldırıb və bu binanın mülkiyyət hüququnu ləğv etməkdə israrlıdır.

Qarabağdan köçüb getmiş ermənilərin “hüquqlarını müdafiə edən” hansısa bir qondarma təşkilat da Baş Prokurorluğun bu addımına etiraz edib və “bəyanat” yayıb. Bu “təşkilatdan” bildirilib ki, Ermənistan hakimiyyəti “Artsax Respublikasının” “rolunu” azaltmağa və “institutlarını” ləğv etməyə yönəlmiş addımlar atır.

Ermənistan hökuməti onların qonduqları son budağı da artıq kəsir və qondarma “institutlarını” bir-bir ləğv edir.

“Separatçıların İrəvandakı aqressiv fəaliyyəti tamamilə sönməyə doğru gedir”

Azad Vətən Partiyasının sədri, tarix elmləri namizədi, dosent Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər Qarabağdan gözlənilməz bir proseslə çıxanda onların ordan kiminsə, hansısa qüvvələrin sifarişi, göstərişi ilə çıxdıqları məlum idi. “Onu da bilirdik ki, həmin qüvvələr onlardan Azərbaycana qarşı uzun müddət istifadə edəcəklər. Hələ də başa düşmək istəmirlər ki, son 200 il ərzində ermənilərdən gah katolik kilsəsi, gah Rusiya hakimiyyəti, gah da başqa dövlətlər və qüvvələr öz məqsədləri üçün istifadə edir.

Azərbaycana qarşı separatçı, işğalçı hərəkatları başlayanda da anlamırdılar ki, onlardan bizim ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bunlar Azərbaycanın davranışlarını da gördü. Ermənistanda Paşinyan və onun komandası artıq reallığı başa düşür, həm Azərbaycanın gücünü gördülər, eyni zamanda da pis-yaxşı Ermənistanı qoruyub saxlamağa çalışırlar. Azdan-çox ağlı olan ermənilər də onları müdafiə edir. Bu gün reallıq bundan ibarətdir. Onlar İrəvanda guya bir nümayəndəlik yaratmışdılar. O nümayəndəliyi yaratmağın nə mənası vardı və nəyə xidmət edir? Digər tərəfdən bina davası edirlər. Bəlkə də onların davası elə bina, mülk davasıdır ki, orda özlərinin müəyyən çirkin işləri, biznesləri ilə məşğul olsunlar. Eyni zamanda da başqa bir “Artsaxlıların hüquqlarını müdafiə” “qurum”u yaradırlar. Bu nədir, onlar öz hüquqlarını kimdən qoruyur? Azərbaycana qarşı təcavüz olmuşdu, separatçı hərəkat baş qaldırmışdı, Azərbaycan da həm daxili qanunlara, həm də beynəlxalq normalara uyğun olaraq həm işğal faktını aradan qaldırdı, həmçinin də separatçılığın kökünü kəsdi. Bütün normal dövlətlər bu cür şəraitdə eyni addımları atardı, necə ki, ABŞ da həmin mövqedədir. Heç bir ölkənin separatçılığa və işğalçılığa dözmək fikri yoxdur, olmayıb da. Azərbaycan da ümumdünya qaydalarından istifadə edib. Artıq Ermənistanda bunu başa düşürlər. Azərbaycanın Türkiyə ilə birgə regionla bağlı cızdığı yol xəritəsinə artıq əməl edirlər. Ermənistan hökuməti Türkiyə və Azərbaycanla razılaşdırılmış siyasət yürüdür. İrəvanda separatçıların “nümayəndəliyinin” bağlanması Azərbaycanın şərtləri daxilindədir. Sən bir tərəfdən Azərbaycanla sülhdən danışırsansa o biri tərəfdən də orda Azərbaycana qarşı aqressiv təbliğat aparan, antiazərbaycan fəaliyyəti göstərən hansısa bir qondarma qurumun orda mövcud olması mümkün deyil”.

A.Nağı qeyd etdi ki, vaxtilə onların Rusiyada, ABŞ-da və başqa ölkələrdə də “nümayəndəlikləri” vardı və vaxtilə Qarabağ Azadlıq Təşkilatı dəfələrlə bu məsələni qaldırıb, Rusiyanın, Fransanın, ABŞ-ın Azərbaycandakı səfirləri ilə görüşlərdə bunun yolverməz olduğunu diqqətə çatdırıb. “Həmin dövlətlər məsuliyyəti öz üzərlərindən atmaq məqsədilə deyirdilər ki, onlar rəsmən dövlət tərəfindən tanınmayıblar, bir QHT kimi fəaliyyət göstərirlər. Əslində həmin ölkələr o qondarma “nümayəndəliklərə şərait yaratmaqla Ermənistanın Azərbaycana qarşı təcavüzünü dəstəkləyirdilər. İndi onların fəaliyyəti sıfıra enib. Ola bilsin, Azərbaycanla Rusiyanın münasibətləri gərginləşdiyindən onlar bu “qurumu” dirçəltmək istəsin. Amma Rusiya bunu edərsə özünə ziyan etmiş olacaq.

Ermənistanda hakimiyyət çalışır ki, Azərbaycanı qəzəbləndirməsin, normal münasibət qurmaq istəyirlərsə ona uyğun hərəkət etsinlər. Bu gün sülh sazişinin bağlanmasından, Zəngəzur dəhlizinin açılmasından, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından söhbət gedir. Ona görə də rəsmi İrəvan hansısa “Artsax qurumunun” fəaliyyət göstərməsini qəbul etmir. Onlara birdəfəlik başa salmaq lazımdır ki, “Arsaq” da Azərbaycan sözüdür, Azərbaycan ərazisidir, onun tarix boyu ermənilərə heş bir aidiyyəti olmayıb, yoxdur. Azərbaycan tarixini oğurlayıblar, oğurladıqları hissənin biri də “Arsaq” sözüdür, Arsaq da Azərbaycan torpağıdır, bu türk sözüdür, türk adıdır. Öz yalanlarını dünyaya çıxarmasınlar, yalan dalınca getməklə bunlar heç nəyə nail olmayacaqlar. Reallığı başa düşüb buna uyğun da hərəkət etməlidir. Ermənistan hakimiyyəti bu mövqedədir və separatçıların İrəvandakı aqressiv fəaliyyəti tamamilə sönməyə doğru gedir”.

A.Nağı qeyd etdi ki, müəyyən qurumlar, qüvvələr Azərbaycana təzyiq göstərmək istədikdə onları fəallaşdıracaqlar, maliyyə verəcəklər, onlara ehtiyac qalmadıqda sakitləşdirəcəklər: “Onlar başa düşməlidirlər ki, reallıq Azərbaycanın ortaya qoyduğu reallıqdır. Onlar nəyəsə nail olmaq istəyirlərsə Azərbaycanın şərtlərini qəbul etməlidirlər”.

İradə SARIYEVA

Seçilən
15
50
baki-xeber.com

10Mənbələr