AZ

"Putin Trampın ultimatumunu rədd edərək səfərbərliyə başlayacaq" - "Foreign Affairs"

"Putin tələyə salınsa belə, müharibədən dönməyəcək..."

Vladimir Putin ABŞ prezidenti Donald Trampın "müharibəyə son qoy" tələbinə boyun əyməyəcək. Əksinə, o, müharibəni davam etdirmək üçün Rusiyanın daxilində sabitliyi qurban verə, genişmiqyaslı məcburi səfərbərliyə başlaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri yazıb.

Tanınmış amerikalı tarixçi Maykl Kimmic və siyasi araşdırmaçı Mariya Lipman qeyd edir ki, bu, onun üçün təkcə siyasi risk deyil, həm də daxili balansı sarsıdan böyük sarsıntı ola bilər. Amma Putinin prioriteti dəyişməzdir: müstəqil və Qərbyönümlü Ukrayna mövcud olmamalıdır.

Putin üçün Ukrayna yox edilməli hədəfdir

Müəlliflər qeyd edir ki, 25 il ərzində Putin Rusiyada "təəccüblü bir sakitlik" yarada bilib. Ölkədə mütəşəkkil müxalifət yoxdur, ictimai tənqid kəsilib, insanlar gündəlik həyatları ilə məşğuldur. Kremllə açıq qarşıdurmaya getmədikcə, repressiyalar da məhduddur. Bu sistem Putinə daxili sabitlik verib, lakin Ukrayna müharibəsi bu sabitliyin təməlini sarsıdır.

Əvvəllər "qısa və zəfərli kampaniya" kimi planlaşdırılan müharibə artıq üç ildən çoxdur ki, davam edir və Rusiyanı tükəndirir. Putinin gözləntilərinin əksinə olaraq, müharibə nə Rusiyanın beynəlxalq nüfuzunu artırıb, nə də onun şəxsi nüfuzunu möhkəmləndirib. Amma o, hələ də geri çəkilmək niyyətində deyil. Əksinə, ehtiyac yaranarsa, Rusiyada sərt səfərbərlik elan edə və itaətsizlərə qarşı ciddi cəza tədbirləri tətbiq edə bilər. Bu, onun illərlə qurduğu "sabit Rusiya" mifini dağıtsa belə, Putin buna hazır görünür.

Ukrayna tək deyil - nə Tramp, nə də Kreml onu çökdürə bilməz

Analitiklər qeyd edir ki, Ukrayna üçün vəziyyət ümidsiz deyil. Rusiya nə Kiyevi, nə də digər əsas şəhərləri ələ keçirə bilib. Qərbin, xüsusən də Avropanın dəstəyi davam edir və perspektivdə bu yardımın artacağı ehtimal olunur. Əgər Tramp verdiyi vədlərə əməl etməsə belə, Ukraynanın tam təklənməsi real görünmür.

Bu arada Rusiyanın özündə iqtisadi vəziyyət kəskin şəkildə pisləşir. Artıq bu gerçəklik Kreml tərəfindən də inkar edilmir. Amma Putin hər şeyə rəğmən dayanmır - onun üçün Ukraynanın azad şəkildə mövcud olması özü-özlüyündə məğlubiyyət deməkdir. Müəlliflərin fikrincə, Putin bu nəticəni heç vaxt qəbul etməyəcək.

Putin üçün geriyə dönüş yoxdur

Müəlliflər vurğulayır ki, Putin hələ də istifadə etmədiyi alətlərə sahibdir və ehtiyac yaranarsa, onları işə sala bilər. Bu, Rusiyada sərt məcburi səfərbərlik, daxili repressiyalar və iqtisadi risklərin daha da dərinləşdirilməsi ola bilər. Amma onun əsas hədəfi -  Ukraynanın müstəqilliyini tamamilə məhv etmək niyyəti dəyişmir. Bu, artıq ideoloji mübarizə deyil, şəxsi ambisiyanın son həddidir. Putin, görünür, Ukrayna savaşında hər şeyini riskə atmağa hazırdır. Amma bu risklərin nə dərəcədə uğurlu olduğunu zaman göstərəcək.

Seçilən
47
50
moderator.az

10Mənbələr