AZ

Hakan Fidan ABŞ-ın dövlət katibi ilə danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Diplomatik mənbələrdən verilən məlumata görə, tərəflər Suriyanın cənubundakı vəziyyəti müzakirə ediblər. Xəbəri “Anadolu” verib. 

Fidan Suriyada silahlı toqquşmaların tez bir zamanda dayandırılması və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, münaqişə tərəfləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, İsrailin Suriya ərazisinə endirdiyi zərbələr vəziyyəti daha da gərginləşdirir və Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı qəsd regionda sülhün bərqərar olması səylərinə zərər verir.

Fidan Suriyanın cənubundakı vəziyyətin terror təşkilatlarının xeyrinə istifadə edilməsinə Türkiyənin icazə verməyəcəyini də açıqlayıb. O, Ankaranın ABŞ-ın Suriyadakı konstruktiv rolunu dəstəklədiyini bir daha bəyan edib və münaqişələrə davamlı son qoyulması üçün Vaşinqton və digər ölkələrlə əməkdaşlığa hazır olduğunu bildirib. Fidan Suriya xalqının gələcəyini formalaşdırmaq fürsətinin qaçırılmaması lazım olduğunu vurğulayıb.

Söhbət zamanı Qəzzadakı vəziyyət və atəşkəs danışıqlarındakı irəliləyiş də müzakirə edilib. Fidan Türkiyənin sürətli və davamlı atəşkəs tərəfdarı olduğunu bir daha vurğulayaraq, fələstinlilərə humanitar yardım göstərilməsinə çağırıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
14
42
xalqqazeti.az

10Mənbələr