AZ

"Ən bədbəxt nəsil hansıdır?" - Alimlərin araşdırması gözlənilməz nəticələr ortaya çıxarıb

"X nəsli" - sükut içində sıxılmış bir həyat..."
 
Dünyanın inkişaf etmiş 30 ölkəsində aparılan sorğular göstətib ki, "X" nəsli, yəni təxminən 1965-1980-ci illər arasında doğulan insanlar özlərini xoşbəxt saymayanların siyahısında ilk sıradadır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, onların təxminən üçdə biri (31 faiz) ya "çox da xoşbəxt olmadıqlarını", ya da ümumiyyətlə "bədbəxt olduqlarını" bildirib.
 
Nəsil anlayışı necə yaranıb?
 
İnsanları nəsillərə bölmək ideyası xüsusilə 1991-ci ildə N. Hau və U. Ştrausun "Generations: The History of America's Future" adlı kitabından sonra məşhurlaşıb. Müəlliflər əsrlər boyu cəmiyyətlərin davranış modellərini araşdıraraq nəsilləri ayırd etməyə çalışıb. Bu sistemdə "itirilmiş nəsil"dən (1880-1900) tutmuş "Z" nəslinə (1990-2010) qədər ardıcıl adlandırmalar yer alır. "X" nəsli isə "baby-boomer"lərlə "millennialar" arasında sıxılıb qalan bir nəslə çevrilib.
 
"X" nəsli niyə özünü bədbəxt hiss edir?
 
"The Economist"-in təhlilinə görə, bu nəslin üzərinə düşən yük son dərəcə ağır olub. 90-cı illərin iqtisadi böhranları, 2008-ci ilin maliyyə çöküşü, COVID pandemiyası və son illərdə sürətlə artan mənzil qiymətləri onları ciddi sarsıdıb. Əksəriyyəti hələ də ipoteka ödəyir, uşaqları isə iqtisadi sıxıntılar səbəbilə müstəqil yaşaya bilmir.
 
"Sendviç sindromu" və yorğunluğun daimi kölgəsi
 
"X" nəsli çox vaxt həm yaşlı valideynlərinə, həm də yetkinlik yaşına çatmış övladlarına dəstək verməyə məcbur qalır. Bu ikili məsuliyyət "sendviç effekti" adlandırılır. Həm maliyyə, həm də emosional yük artdıqca, cəmiyyətin dəstəyi isə demək olar ki, yoxdur. Bundan əlavə, onların gəlir artımı da digər nəsillərlə müqayisədə xeyli zəif olub. Reallıq budur ki, bu gün onların gəlirləri "baby-boomer"lərlə müqayisədə eyni yaş dövründə sadəcə 16 faiz yüksəkdir. Lakin iqtisadi qeyri-sabitlik onlara sərvət yığmağa imkan verməyib.
 
Nə görünürlər, nə eşidilirlər
 
"X" nəslini çox zaman "görünməyən nəsil" adlandırırlar. Nə media, nə də pop-mədəniyyət onlara xüsusi diqqət ayırır. Onların özlərinə aid güclü bir ideoloji və ya rəmzi təmsilçiliyi yoxdur. "The Economist" yazır: "Onların dərdi uydurma yox, realdır. Sadəcə, bunu deməyə kimsə cürət etmir".
 
"Unudulmuş uşaqların" psixologiyası
 
Bu nəsil çox vaxt uşaqlığını qeyri-sabit cəmiyyətlərdə, məhdud imkanlar və diqqətsiz valideynlər arasında keçirib. Onlara tez-tez "boğazında açar olan uşaqlar" deyirlər, yəni məktəbdən sonra evə tək qayıdıb, öz qayğılarına özləri qalmalı olanlar. Bu müstəqil uşaqlıq onlarda sərt bir iş etikasını formalaşdırıb: çalışmaq və yalnız çalışmaq. Amma şəxsi xoşbəxtlik çox vaxt bu yolda qurban verilib.
 
1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində onlar gənc yetkinliyə diplomla, amma zəmanətsiz qədəm qoyub. Təhsilli olub, amma istədikləri həyata çata bilməyib. Onların əsas dəyəri sabitlik olub və bu sabitlik naminə illərlə mənasız, yorucu işlərə dözüb.
 
Tanınmayan işgüzarlar
 
İş yerində "X" nəslinin nümayəndələri yüksək məsuliyyət daşıyır, hər şeyi öz üzərinə götürür, tapşırıqları bölüşdürməkdə çətinlik çəkirlər. İdarəetmədə dəyişikliklərə qarşı ehtiyatlıdırlar. Çünki uşaqlıqlarında yaşadıqları xaosun əksinə olaraq, onlar hər şeyin qaydasında olmasına möhkəmcə bağlanıblar. Amma bu inadkarlıq və səbr heç də hər zaman cəmiyyətin rəğbəti ilə qarşılanmır.
 
"X" nəsli iki od arasında qalıb: dəyişikliklərin dalğası və görünməzliyin boşluğu. Onlar çətin dövrlərdə formalaşıb, ardıcıl böhranlardan çıxmağa çalışıb, amma nə rəmzi, nə də maddi anlamda mükafatlandırılıb. Onlara nə "uğursuz" demək olar, nə də "qalib" - bu, sadəcə, bütün gücü ilə dayanmadan ayaqda qalmağa çalışan bir nəslin hekayəsidir.
Seçilən
75
moderator.az

1Mənbələr