AZ

Yığma Buxarestdə çempion oldu, növbəti hədəf Avropa Kubokudu

Ölkəmizin qadınlardan ibarət 3x3 basketbol yığmasının Dünya Qadın Seriyasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən növbəti mərhələsinə qatıldığını xəbər vermişdik.

Təsnifat mərhələsində Yaponiya və İsveçrə klublarını məğlub edən yığma əsas mərhələnin C qrupunda əvvəlcə Sinqapur, ardından Ukrayna ilə qarşılaşıb. Bu oyunlar da bizimkilərin qələbəsi ilə başa çatıb: Sinqapur – 22:10, Ukrayna – 21:20.

1/4 finalda yığmamızın rəqibi Çin olub. Bu dəfə rəqib 4 xal fərqi ilə məğlub edilib – 21:17. Yarımfinal və final görüşlərində eyni hesab (21:19) qeydə alınıb. Yığmamız əvvəlcə Rumıniya "Rapid"inin, həlledici görüşdə isə Amerika “Sietl”inin öhdəsindən gəlib. Beləliklə, Azərbaycan basketbolçuları bu seriyanı qələbə ilə bitirib.

Çempion yığmanın üzvü Brianna Freyzer Buxarest mərhələsinin ən dəyərli oyunçusu (MVP) sayılıb.

Qalib komandanın digər oyunçuları isə Arika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadı. Yığma bundan sonra sentyabrın 5-7-si aralığında Kopenhagendə keçiriləcək Avropa Kubokunun final mərhələsinə hazırlaşacaq.

Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudov “Report”a açıqlamasında Buxarest mərhələsini belə dəyərləndirib:
“İlk növbədə onu qeyd edim ki, millimiz Buxarest mərhələsinə təsnifat qrupundan başladı. Bu mərhələni lider kimi tamamlayaraq əsas qrup mərhələsinə vəsiqəni təmin etdik. Bir sözlə, qızlar final daxil bütün oyunlarda əla performans göstərərək, rəqiblərinin hər birinə qalib gəlməyi bacardı. Ardıcıl 7 qələbə doğrudan da möhtəşəm nəticədi. Buxarest mərhələsindəki çempionluğu yüksək qiymətləndirirəm. Çünki bu mərhələdə zəif komanda yox idi. Qızların növbəti yarışlarda da uğurlu nəticələr qazanacağına əminəm. Təbii ki, əsas hədəf sentyabrda keçiriləcək Avropa Kubokunda uğurlu nəticə əldə etməkdi".
Qurum rəsmisi komandanın Avropa Kubokuna da ciddi hazırlaşacağını vurğulayıb:
“Yığmanın əsas hədəfi sentyabrın 5-7-də Kopenhagendə keçiriləcək Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdi. Buxarest mərhələsi hazırlıq prosesinin bir hissəsi idi. Qızlar hazırlıq prosesinin növbəti hissəsini Serbiyada davam etdirəcək. Daha sonra isə iyulun 26-27-də Qadın Seriyasının Sumqayıt mərhələsi start götürəcək və millimiz doğma azarkeşlər önündə yarışı qalib kimi tamamlamağa çalışacaq. Düşünürəm ki, intensiv məşqlər və oyunlar sayəsində Avropa Kubokunda uğurlu nəticə əldə edə bilərik”.
Yığma üzvü Dina Ulyanova da Buxarest mərhələsi haqda danışıb:
“Möhtəşəm turnir oldu, üç gün ərzində 7 oyun keçirdik. Tam fərqli oyun xüsusiyyətləri olan komandalarla oynadıq. Bu, çox vacib təcrübədi. Hər matçda maksimum xal topladıq. Xarakter və əla komanda oyunu nümayiş etdirdik. Uğurun açarı budu. Nəticədən çox razıyam. Əsas məqsədimiz Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa Kubokunda medallar uğrunda mübarizə aparmaqdı. Azərbaycanda daha iki belə turnir olacaq, qarşılıqlı əlaqələr üzərində işləmək və daha yaxşı formaya düşmək üçün yaxşı imkan olacaq. Düşünürəm ki, yüksək səviyyəni qoruyub saxlamalı və oyunumuzu daha da təkmilləşdirməyə çalışmalıyıq. Amma uğursuz vəziyyətlərdən üzülməməliyik, çünki bu hazırlıq mərhələsidi. Əsas odu ki, sentyabrda formamızın zirvəsində olaq”.
Seçilən
48
15
football-plus.az

10Mənbələr