İllər öncə məktəblərdə və ali təhsil müəssisələrində geniş şəkildə tətbiq olunan esse yenidən qəbul imtahanlarına qayıdır. Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında esselərin (keçmiş inşaların) tətbiqini gündəmə gətirib.
Bu barədə DİM-in şöbə müdiri Natiq Əliyev rəsmi açıqlama verərək bildirib ki, esse yazısı gələcəkdə imtahanların bir hissəsi olacaq. DİM-in şöbə müdiri qeyd edib ki, esselərin tətbiqi ilkin olaraq magistraturaya qəbul imtahanlarında nəzərdə tutulur.
Maraqlıdır 15 ildən artıqdır ki, inşaları köhnəlmiş metod kimi imtahanlardan çıxaran qurum niyə geri dönüş etdi? Esse hansı məqsədlə geri qayıdır və təhsil sistemində hansı dəyişiklikləri vəd edir?
Mövzuyla əlaqədar təhsil eksperti Qafar Əmirov Bizim.Media-ya bildirib ki, esse, yəni inşanın daha qısa və təkmilləşmiş forması tələbələrin dil, məntiq və fikir yürütmə bacarıqlarını ortaya qoymaq üçündür.
“İnşalar son illərdə test formatının kölgəsində qalmışdı. Qısa suallar, işarələmələr, bir tərəfdən texnologiya müasir nəslin düşünmə və sərbəst fikir bildirmə bacarığını demək olar ki sıradan çıxarmışdı.
Şagird və tələbələr saatlarla sosial şəbəkələrdə vaxt keçirməkdən və ya hazır mətnlərdən istifadə etməkdən ünsiyyət bacarığını itiriblər. Esse onların fikir qurmağına və onu əsaslandırmaqla məntiqlərini inkişaf etdirməyə imkan yaradacaq.
Ekspert bildirir ki, bu, tələbələrin gələcək əmək həyatında da işinə yarayacaq. Belə ki ünsiyyət bacarığı, düşüncə tərzi inkişaf etmiş tələbə əmək fəaliyyətinə daha tez adaptasiya ola, kolllektivdə özünü fərd olaraq təsdiqləyə biləcək.
Xatırladaq ki, inşa Azərbaycanda qəbul imtahanlarında 1992-2008-ci illər arasında mövcud idi. İnşa yazısı Azərbaycan dili fənni üzrə buraxılış və qəbul imtahanlarında tətbiq olunurdu.
Qiymətləndirmədə dil qaydaları, fikrin axıcılığı, kompozisiya quruluşu və orijinallıq əsas götürülürdü. 2009-cu ildən sonra Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) tərəfindən test formatına keçid tam gücləndi və inşa imtahan formatından çıxarıldı.
Şəfiqə Şəfa, Bizim Media