BAKI, TurkicWorld
ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb, İsraildəki druz liderlər isə müdafiə üçün Trampa səslənib.
TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamenti Suriyadakı təhlükəli vəziyyətə görə vətəndaşlarına 4-cü səviyyəli səyahət xəbərdarlığı edərək, ölkəni dərhal tərk etməyə çağırıb.
Bəyanatda “silahlı qarşıdurma” və “zorakılıq” səbəbilə Suriyada qalan amerikalıların İordaniyaya quru yolu ilə və ya açıq olan Dəməşq və Hələb hava limanları vasitəsilə ölkəni tərk etmələri tövsiyə olunub. ABŞ, mümkün deyilsə, insanların yerləşdikləri ərazidə qalmalı olduqlarını bildirib.
Digər tərəfdən, İsraildəki druz icmasının lideri Şeyx Müvəffəq Tarif ABŞ prezidenti Donald Trampa müraciət edərək, Suriyanın Suveydə bölgəsində yaşayan druzların qorunmasını istəyib. Tarif, bölgədə radikal qrupların druz mülki əhaliyə hücum etdiyini və bunun soyqırım səviyyəsində olduğunu bildirib.
Qeyd edək ki, iyulun 13-də Suveydada bədəvi ərəblərlə druz qrupları arasında baş verən toqquşmalardan sonra gərginlik daha da artıb. Hicri dəstəsi tərəfindən həyata keçirilən hücumlar, edamlar və xaricdən gələn döyüşçülərlə vəziyyət daha da pisləşib. İyulun 19-dan etibarən hökumət qüvvələri bölgəyə yerləşdirilsə də, toqquşmalarda yüzlərlə insanın həlak olduğu bildirilir.