AZ

Qadın olmağa məcbur edilən qızların tükürpədən HEKAYƏSİ

Mən Zəhrayam. Cəmi 15 yaşım var. Bu yaşa qədər öyrəndiyim ən acı həqiqət budur: bir “gəlinlik” məsumluğun tabutuna çevrilə bilər…

Əvvəllər səhərlər dərsə tələsərdim. Əlimdə kitablar, könlüm isə arzularla dolu idi. Müəllimə  olmağı xəyal edirdim. Rəfiqələrimlə məktəb həyətində qaçıb-gülmək, imtahanlardan yaxşı qiymət almaq, rəngli karandaşlarımla gələcəyi çəkmək istəyirdim. Ancaq bir gün... hər şey dəyişdi.

Atam evə gəldi, gözlərində qəribə bir ciddi ifadə vardı. "Zəhra, səni dayının oğluna nişanladıq", - dedi. Qulaqlarıma inanmadım. Bədənim dondu. Anam bir küncdə ağlayırdı, amma susurdu. Mən isə nə deyəcəyimi bilmirdim. Sanki uşaq deyil, əşya idim - bir yerdən alınıb başqa bir yerə qoyulan əşya. Sezar pizza

Cəmi iki ay sonra gəlinlik geyindim. O yaşda heç anlamadığım, hələ hisslərinə belə ad verə bilmədiyim bir evliliyin içində tapdım özümü. Oyuncaqlarımı, məktəb çantamı, gələcək ümidlərimi bir qutuya yığdım, başqasının evinə köçdüm. O evdə “uşaq” olduğumu hər gün hiss etdilər, amma “böyümüsən, ailə sahibi olmusan”,- deyə boynuma məsuliyyət yüklədilər.

Ərim - bəli, ərim – 25 yaşında idi. Məni anlamırdı. Mən isə nə qadın, nə uşaq olduğumu bilirdim. Qayınana-qayınata arasında səs-küylü mübahisələr, göz yaşları, “uşaqsan, başa düşməzsən” deyə deyinənlər... Bütün bunlar məni içimdə öldürürdü. Bəzən sakitcə pəncərədən baxar, məktəb formasında olan qızları görəndə ağlayardım. Çünki mənim də bir vaxtlar formam, gələcək ümidim, arzum vardı...

Bir il sonra hamilə qaldım. Bədənim uşaq doğmağa hazır deyildi, ruhum isə heç hazır deyildi. Həmin günlərdə xəstəxanada canımla mübarizə aparanda düşündüm: niyə məni heç kim xilas etmədi? Niyə müəlliməm, qonşumuz, qohumlarımız susdu? Niyə mən bu yaşda uşaq deyil, ana oldum? 

Zəhranın hekayəsi minlərlə qızın hekayəsidir... bu, uşaqkən qadın olmağa məcbur edilən qızların səssiz qışqırığıdır. 

Sinif yoldaşları gələcək üçün həkimlik, müəllimlik arzuladığı vaxtda Zəhra artıq "qadınlıq" yükünü çiynində daşımalı olur. Onun məktəbdə oxumaq, həyatını qurmaq, bəlkə də bir gün öz ayaqları üstə durmaq arzusu vardı. Amma bir gündə, bir qərarla o arzular alt-üst oldu.

Zəhra sadəcə bir obraz deyil. Azərbaycanda onun kimi onlarla qız var. Onlar nə uşaqlığını yaşayır, nə gəncliyini. Onların "nağıl"ı ağrılı başlayır, kədərli davam edir, çox zaman səssiz qürbətdə sona çatır. Və bütün bunlara səbəb – cəmiyyətin, ailələrin, bəzən isə qadının qadına etdiyi haqsızlıqdır.

Erkən nikah onların:

- təhsil hüququnu əlindən alır,

- sağlamlıqlarını təhlükəyə atır,

- uşaqlıq dövrünü məhv edir,

- iqtisadi və sosial cəhətdən asılı vəziyyətə salır.

Erkən nikah nə sevgidir, nə də xoşbəxt ailənin təməli. Bu, bir uşağın hüquqlarının əlindən alınmasıdır. 

Erkən nikah səssiz harayların, göz yaşlarının, puç olmuş arzuların adıdır. O, əllərində məktəb çantası yerinə cehiz torbası tutan yeniyetmə qızların taleyini zamansız dəyişən amansız bir zəncirdir. O zəncir ki, gələcəyi çiçəklənməli olan bir həyatın boynuna dolanır, onu boğur, onu susdurur. 

"Qız böyüyüb, daha məktəbdə nə işi var?". Bu cümləni tez-tez eşidirik. Amma sual budur: bir qız uşağına gələcək inşa etmək yerinə, ona yetkinlikdən əvvəl həyat yoldaşı və ana olmağı sırımaq doğrudurmu? Axı fiziki inkişaf, psixoloji hazırlıq, emosional yetkinlik olmadan evlilik - bir ömürlük zəncirə çevrilə bilər.

Erkən nikahlar qızların təhsildən uzaqlaşdırılmasına, uşaq yaşda hamiləliklərə, sağlamlıq problemlərinə, bəzən isə məişət zorakılığına gətirib çıxarır. Bu cür zorla yüklənən məsuliyyət onların həyat eşqini məhv edir. Gözlərindəki işıq solur. Onlar qadın yox, sadəcə cəmiyyətin susdurduğu bir kölgə olurlar. 

Əziz gənclər, analar, atalar və müəllimlər… Susmayın. Hər bir Zəhraya sahib çıxın. Onun məktəbdə qalmasına, arzularının arxasınca getməsinə imkan yaradın. İndi zaman – susanların səsini duymaq, onların yanında olmaq, onlara gələcək vermək zamanıdır. Erkən nikah – adi bir "ailə məsələsi" deyil. Bu, bir insan hüququ pozuntusudur. Uşaq haqlarına, qadın hüquqlarına, gələcəyə zidd bir yoldur. Dövlət qurumları, müəllimlər, jurnalistlər, valideynlər və ən əsası, cəmiyyət birgə səsini yüksəltməlidir.

Unutmayaq: bir uşağın yeri gəlin otağı deyil, sinif otağıdır!

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

3Mənbələr