Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən rayonun Birinci Qayıdış qəsəbəsi və Horadiz şəhəri ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar olunaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Müraciət əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Füzuli RİH-in nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.