AZ

Azərbaycan Gürcüstanın ən böyük ixrac tərəfdaşları arasında üçüncüdür

Tbilisi, 21 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstanın üçüncü ən böyük ixrac tərəfdaşı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, altı ay ərzində Gürcüstanın ümumi ixracının 79,8 faizi ilk on ixrac tərəfdaşı ölkənin payına düşüb.

Siyahıda birinci pillədə 681,3 milyon dollar ilə Qırğızıstan, ikinci pillədə 414 milyon dollarla Qazaxıstan, üçüncü yerdə isə 341,8 milyon dollarla Azərbaycan qərarlaşıb.

İdxala gəlincə, hesabat dövründə Gürcüstanın ümumi idxalının 71,7 faizi ilk on idxal tərəfdaşı ölkənin payına düşüb. Bu siyahıda Türkiyə 1 milyard 294,8 milyon dollarla birinci, ABŞ 1 milyard 283,2 milyon dollarla ikinci, Rusiya isə 950,5 milyon dollarla üçüncü yeri tutub.

Bu ilin yanvar-iyun aylarında Gürcüstan ən çox minik avtomobilləri (1 milyard 217,1 milyon dollar) ixrac edib. Bu məhsul qrupu ümumi ixracın 37,6 faizini təşkil edib. Daha sonra qiymətli metal filizləri və konsentratları (174,6 milyon dollar), spirtli içkilər (123,2 milyon dollar) gəlir.

İdxalda da ilk yeri minik avtomobilləri tutub – 1 milyard 662,6 milyon dollar (ümumi idxalın 19,1 faizi). İkinci pillədə neft və neft məhsulları (601,9 milyon dollar), üçüncü yerdə isə şəkil, çertyoj və pastel – əl işi məhsulları (481,2 milyon dollar) qərarlaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
30
50
azertag.az

10Mənbələr