Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Görüşdə bir sıra məsələlərə toxunan ölkə başçısı bildirib ki, ən vacib amil cəmiyyətin həmrəyliyidir:
“Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu”.
“Birlik çox böyük güc deməkdir. Bu birliyə nail olmaq özü də böyük bir siyasi məharət tələb edir. Azərbaycan Prezidenti sözün həqiqi mənasında ölkədə bütün qüvvələrin konsolidasiya olunmasına, gücü bir istiqamətə yönəltməsinə nail oldu. Bu, Azərbaycan Prezidentinin siyasətinin gücüdür”.
Bu fikirləri millət vəkili, Milli İstiqalal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamsında deyib. Millət vəkilinin sözlərinə görə, birlik çox böyük güc deməkdir:
“Geniş anlamda birliyimizi İkinci Qarabağ savaşının ilk günlərində hiss etdik. Əslində 2020-ci ilin iyulunda düşmən Azərbaycana qarşı həmlə etmişdi. O gündən birliyimiz daha çox hiss olunmağa başladı. İnsanlarımız ayağa qalxdılar. Ancaq müharibənin ilk dəqiqələrindən - 2020-ci ilin 27 sentyabrından ölkədə olan bütün siyasi qüvvələr, partiyalar Azərbaycan Prezidentinin, Ali Baş Komandanın, dövlətimizin yanında olduqlarını bəyan etməklə yanaşı, eyni zamanda əməli addımlar atdılar.
Azərbaycanda bəlkə də tarix boyu olmayan bir birlik nümayiş etdirildi. II Qarabağ savaşında Azərbaycanda böyük birlik nümayiş etdirildi. Cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, ordusunun , Ali Baş Komandanın yanında oldu.
Bu, bizim dostlarımıza xoş mesaj olmaqla yanaşı, düşmənlərimizə ciddi bir xəbərdarlıq oldu ki, Azərbaycanda siyasi, vətəndaş birliyi var. Bu birliyi heç nə ilə sarsıtmaq mümkün deyil. Həmin birliyin nəticəsində qələbəni əldə etdik”.
Millət vəkilinin sözlərinə görə, bu qələbədə ən azından birliyin 50 faiz rolu oldu ki, bütün xalq gücünü bir istiqamətə yönəltdi: “Ali Baş Komandan belə bir gücü hiss edərək, daha qətiyyətli addımlar ata bildi.
Bu, onun atdığı addımları da bir qədər gücləndirdi. Çünkü arxasında bütöv xalq, bütöv millət dayanmışdı. Azərbaycan Prezidentinin dediyi o fikirlərdə çox böyük həqiqət var.
Həmin həqiqəti dilə gətirərək deyir ki, xalq birliyi, bütün siyasi qüvvələrin Prezidentin arxasında təmərküzləşməsi qələbəyə aparan yollarımızı bir qədər də açıq etdi və biz qələbə qazandıq”.