"Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir dövrü yaşayırıq. Bu, yalnız torpaqlarımızın azad olunması və suverenliyimizin bərpası ilə yekunlaşan bir mərhələ deyil, bu həm də 200 illik işğala son qoyulması, azadlığın, ədalətin, inkişafın və milli iradənin gerçəyə çevrildiyi, bərpa və dirçəlişin hər sahədə görünən yeni mərhələsidir. Bu tarixi naliyyətimizin əvəzsiz müəllifi möhtərəm cənab Prezident İlham Əliyevdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı İlham Əliyevin azad olunmuş ərazilərə olan səfərləri haqqında danışarkən bildirdi.
"Cənab Prezidentin Qarabağa və Şərqi Zəngəzura etdiyi ardıcıl səfərlər ölkə rəhbərinin bu torpaqlara olan dərin bağlılığını, vətəndaşa, şəhidlərimizin müqəddəs ruhuna və tariximizə ehtiramını əks etdirir. Bu səfərlər eyni zamanda xalqla birliyin, liderlə millətin qırılmaz tellərlə bir-birinə bağlı olduğunun ən bariz sübutudur. Hər səfər yeni bir layihənin açılışı, yeni bir həyatın başlanğıcı deməkdir.
Qarabağ və Şərqi-Zəngəzurda aparılan bərpa və quruculuq işləri yalnız infrastruktur baxımından deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Dağıdılmış şəhərlərin, yerlə-yeksan edilmiş şəhər və kəndlərin yerində bu gün yeni həyat yaranır. Ağdamda, Füzulidə, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Şuşada, Xankəndidə, Ağdərədə tikilən yeni evlər, məktəblər, tibb müəssisələri, yollar, dəmir yolları, elektrik stansiyaları, sənaye zonaları təkcə quruculuq deyil, eyni zamanda, milli ruhun və cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və
əzminin göstəricisidir", - deyə o, qeyd etdi.
Deputat əlavə etdi ki, İlham Əliyevin Böyük Qayıdışla bağlı irəli sürdüyü konseptual yanaşma strateji və mərhələli şəkildə həyata keçirilir.
"“Ağıllı kənd” və “ağıllı şəhər” modelləri bu əraziləri XXI əsrin texnologiyalarına uyğun şəkildə yenidən formalaşdırmaqla yanaşı, həm də dayanıqlı və innovativ inkişaf üçün zəmin yaradır. Bu gün artıq işğaldan azad olunmuş yaşayış məntəqələrinə Qayıdış prosesi həyata keçirilir, on minlərlə insan doğma yurduna qovuşub, vətənin qucağında yenidən həyat qurur.
Böyük Qayıdış soydaşlarımızın haqqının bərpasıdır. Bu, Vətənlə insan arasındakı bağın, qırılmaz tellərin yenidən toxunmasıdır. Soydaşlarımız təkcə böyüdükləri yerlərə deyil, həm də ruhumuzun, tariximizin və gələcəyimizin daşıyıcısı olan müqəddəs torpaqlara qayıdırlar".
Siyasətçinin fikrincə, bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşan quruculuq işləri, Azərbaycanın gələcəyinin modelidir – təhlükəsizlik, müasirlik, yaşıl enerji, sosial rifah və milli birliyin birləşdiyi yeni həyat tərzidir.
"Bu model azad olunmuş ərazilərdə və bütövlükdə ölkəmizə müsbət təsir göstərir, Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.
Hər bir azərbaycanlı sözügedən proseslərin şahidi olmaqdan qürur duyur. Cənab prezidentin qətiyyəti, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanı ilə yoğrulan bu zəfər yolu bizi daha böyük qələbələrə aparacaq.
Qələbə ilə başlayan yol bu gün quruculuqla, sabah isə Böyük Qayıdışın tamamlanması ilə davam edəcək. Azərbaycan güclüdür, Azərbaycan qalibdir və Azərbaycan xalqı öz doğma torpağında əbədi olaraq yaşayacaqdır!", - deyə Günay Ağamalı vurğuladı.
Xədicə BAXIŞLI