Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verildiyi kimi, bu həftə Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun keçirilməsi gözlənilir. Bu barədə “İndependent” qəzetinin Türkiyə versiyası məlumat yayıb və görüşün İstanbulda iyulun 23 və ya 24-də keçirilə biləcəyini yazıb.
Rusiyanın TASS agentliyi də oxşar məlumat paylaşıb. Lakin Kreml sözçüsü Dmitri Peskovun açıqlaması danışıqların sual altında olduğuna dair qənaət yaradı.
“AzPolitika” xəbər verir ki, Peskovun mətbuata söylədiklərinə görə, Kiyevin və Moskvanın Rusiya-Ukrayna nizamlanmasına dair memorandum layihələri diametral olaraq bir-birilə ziddiyyət təşkil edir: "Qarşıda çoxlu diplomatik iş var. Bu iki layihə üzrə fikir mübadiləsi aparmaq və danışıqlar aparmaq lazımdır".
Peskov qeyd edib ki, Rusiya tərəfi danışıqların üçüncü raundunun keçirilməsinin tərəfdarıdır və tarix barədə yekun anlaşma əldə olunan kimi bununla bağlı məlumat veriləcək. O, həmçinin əlavə edib ki, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz qalacaq.
Qeyd edək ki, bundan öncə NATO Baş katibi də daxil olmaqla, Qərb liderləri Moskvanın danışıqlara Vladimir Medinskini göndərməsini, onunsa danışıqlarda “tarix dərsi keçməsini” qeyri-ciddi yanaşma kimi qəbul edib.
Bu arada məlum olub ki, Ukrayna da danışıqlar heyətinin tərkibini dəyişməyəcək. Ukraynanın keçmiş müdafiə naziri, hazırkı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov İstanbulda Rusiya ilə danışıqlarda növbəti dəfə Ukrayna nümayəndə heyətinə başçılıq edəcək.
Bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Telegram kanalında məlumat verib: "İstanbulda keçiriləcək danışıqlarda Ukraynadan gələn nümayəndə heyətinin rəhbəri Rustem Umerov olacaq. O, əvvəllər də nümayəndə heyətinə rəhbərlik edirdi, lakin müdafiə naziri statusunda idi. Müdafiə Nazirliyinin hazırkı rəhbəri Denis Şmıqal İstanbula getməyəcək".
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.