Rusiyalı politoloq Sergey Markov Şuşada keçirilən III Qlobal Media Forumunda iştirakı ilə bağlı bəzi rusiyalı Z-blogerlərin tənqidlərinə sərt cavab verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu ittihamlar əsasızdır və arxasında ya məlumatsızlıq, ya da qəsd dayanır.
Markov deyib: “Mənə çatan məlumatlara görə, bir neçə marjinal şəxs məni tənqid edir. Bu, məni özüm haqqında bəzi şeyləri açıq deməyə vadar edir. Mən 26 ildir ki, prezident Vladimir Putinin tərəfdarıyam, hər zaman Rusiyanın və rus xalqının yanında olmuşam. Mən Putinin tək tərəfdarı deyiləm, eyni zamanda onun mövqeyini ən açıq və təsirli şəkildə müdafiə edənlərdən biriyəm”.
Politoloq vurğulayıb ki, onun bu mövqeyi Qərbdə birmənalı qarşılanmayıb və o, dəfələrlə sanksiyalara məruz qalıb: “Beynəlxalq forumlarda Rusiyanın maraqlarını elə açıq və sərt müdafiə edirəm ki, bəzi NATO nümayəndələri buna dözə bilməyib zaldan qaçır. Hətta efirdə aparıcı da studiyanı tərk etmişdi. Bu, Rusiyanın və Putinin haqlılığını sübut edən dəmir məntiqimi qəbul edə bilmədikləri üçündür”.
Markov həmçinin bildirib ki, Qərb dövlətləri Rusiya nümayəndələrinin beynəlxalq forumlarda iştirakını əngəlləməyə çalışır: “Onlar istəyirlər ki, Rusiya səsini dünyada eşidilməsin. Ona görə də bəzi şəxslərin daxildən bu səylərə dəstək verməsi təəssüf doğurur. Rusiyaya qarşı olanlara kömək etməyin! Bizə işləməyə imkan verin”.
O, Z-blogerlərə səslənərək əlavə edib: “Əgər nə düşünəcəyinizi, nə danışacağınızı bilmirsinizsə, sadəcə Putinin, Lavrovun və Peskovun dediklərini oxuyun – və elə düşünün. Kim məni sərt tənqid edirsə, ya düşüncəsizdir, ya bilərəkdən, ya da pulla Rusiyanın və Putinin düşmənlərinə xidmət edir”.
Xatırladaq ki, Markovun Şuşa forumunda iştirakı Rusiya daxilində bəzi qruplar tərəfindən “anti-patriotik” addım kimi qiymətləndirilmişdi.
Natiq Səlim,
KONKRET.az