Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində beynəlxalq media nümayəndələrinin iştirakı ilə artıq 3-cü ildir ki, Qlobal Media Forumu keçirilir. Bu, bir daha bu Forumun dünya ictimaiyyətinin diqqətini cəlb edən platforma olduğunu təsdiqləyir. Xüsusilə, Prezident İlham Əliyevin Azərbaycan və Cənubi Qafqazda reallaşan layihələrlə bağlı səsələndirdiyi fikirlər, irəli sürdüyü proqnozlar dünyada diqqətlə izlənilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.
O deyib ki, tədbirdə dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında mövcud vəziyyətlə əlaqədar səsləndirdiyi fikirlər bir daha rəsmi Bakının bu proseslə bağlı dəqiq münasibətini göstərib: “Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşün ardınca Şuşada təşkil olunan Qlobal Media Forumunda dünya mediasının aparıcı simaları qarşısında dövlətimizin başçısı tərəfindən rəsmi Bakının sülhə aparan yolla bağlı qəti mövqeyinin səsləndirilməsi bu işdə öz maraqları çərçivəsindən çıxış edən dövlətlərə və beynəlxalq qurumlara bir cavab mesaji oldu. Xüsusilə, Qarabağ münqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış və uzun illər münaqişənin həllində müsbət nəticə əldə edə bilməmiş ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə heç bir zəruriyyətin qalmaması ilə bağlı fikir ifadə olundu. Nəzərə alaq ki, Qarabağ münaqişəsi artıq mövcud deyil və bu qurumun fəaliyyətinə ehtiyac qalmayıb”.
Vüsalə Hüseynli vurğulayıb ki, rəsmi Bakı qonşularına və tərəfdaş ölkələrə qarşı hörmətlə yanaşdığını, açıq münasibətini saxlamaqda maraqlı olduğunu dəfələrlə beynəlxalq platformalardan bəyan edib. “Bu baxımdan, rəsmi İrəvan üçün bu məsələ bitibsə və ya Minsk Qrupunda təmsil olunan ölkələr Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini sözdə yox, əməldə dəstəkləyirlərsə, o zaman bu qurumun fəaliyyətini buraxmaqla, öz mövqelərini rəsmi şəkildə göstərə bilərlər”,- deyə o qeyd edib.