AZ

Laçında “Qadınlar üçün sahibkarlıq və peşə təlimləri” layihəsinin ilk təlimi keçirilib

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” adlı layihənin ilk təlimi 21 iyul 2025-ci il Laçın rayonunda təşkil edilib.

Layihənin əsas məqsədi Laçın rayonunda yaşayan və xüsusilə Böyük Qayıdış prosesində öz doğma torpaqlarına geri dönmüş qadınların iqtisadi və sosial fəallığını artırmaq, onların müasir əmək bazarına uyğunlaşmasına kömək göstərməkdir. Bu təşəbbüs qadınların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməklə yanaşı, onların ailə və cəmiyyət daxilində rolunun gücləndirilməsinə dəstək verir.

Layihə çərçivəsində keçirilən təlimdə qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşə yönümlü istiqamətlərdə ilkin bilgilərin aşılanması və praktiki bacarıqların formalaşdırılması məqsədi ilə müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalar həyata keçirilib.

Tədbirin açılışında çıxış edən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova layihənin mahiyyəti və məqsədləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu layihə Laçında yaşayan qadınlar üçün öz biznes ideyalarını gerçəkləşdirməyə, fərdi təşəbbüslərini reallaşdırmağa stimul verəcək və onların iqtisadi cəhətdən müstəqil olmalarına təkan olacaq.

Layihənin rəhbəri Aydan Xıdırova da çıxış edərək bildirib ki, təlimlər qadınların sahibkarlıq sahəsində motivasiya qazanmasına, qarşılarına məqsəd qoymalarına və bu məqsədlərə çatmaq üçün addımlar atmalarına kömək edəcək. Onun sözlərinə görə, bu cür layihələr bölgədə yaşayan qadınların potensialını üzə çıxarmaq və onların ictimai fəallığını artırmaq baxımından mühüm rol oynayır.

Təlimin əsas məruzəçisi, sahibkarlıq üzrə ekspert Bəsti Nəsibova iştirakçılara “Sahibkarlıq nədir?”, “Biznes-planların hazırlanması”, “Sahibkarlıq fəaliyyətinin hüquqi əsasları” kimi mövzularda ətraflı məlumat verib. O, təlimdə qadınlara konkret nümunələr əsasında biznes ideyasının formalaşdırılması, gəlir və xərclərin planlaşdırılması, bazar araşdırmaları və hüquqi prosedurlar barədə praktiki bilgilər çatdırıb. Eyni zamanda, iştirakçılara sahibkarlıq fəaliyyəti zamanı qarşılaşa biləcəkləri potensial çətinliklər və onların mümkün həlli yolları haqqında da faydalı tövsiyələr təqdim olunub.

Təlim interaktiv şəkildə təşkil olunub, iştirakçılar suallar verib, fikirlərini bölüşüb və gələcək fəaliyyətləri üçün motivasiya əldə ediblər. Onlar bu təşəbbüsün vacibliyini vurğulayaraq, bölgədə qadınların cəmiyyətə daha fəal inteqrasiyasına imkan yaratdığı üçün təşəkkür ediblər.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
50
cebheinfo.az

10Mənbələr