Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə “Milli Mətbuat Günü”nün 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə federasiyanın prezidenti Şahin Bağırov jurnalistlərin peşəkarlığını yüksək qiymətləndirərək, onların ölkədə idmanın, xüsusilə voleybolun inkişafında oynadıqları əhəmiyyətli roldan danışıb. O, qeyd edib ki, media vasitəsilə voleybolun kütləviləşməsi və gənc nəslin bu idman növünə marağının artması üçün önəmli addımlar atılır.
Şahin Bağırov sözlərinə görə, media ilə sıx əməkdaşlıq Azərbaycan voleybolunun beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Qurum rəhbəri federasiya olaraq ölkə voleybolunun inkişafı və uşaqlarda bu sahəyə marağı artırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.
AVF-nin vitse-prezidenti, eləcə də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev voleybolda gənc oyunçuların parlamasında medianın böyük əməyinin olduğunu vurğulayıb. O, qarşıdakı Avropa çempionatında uğurla çıxış etmək istədiklərini bildirib.
Ardınca qurumun 2025-ci ildə gördüyü işlərlə bağlı qısa videoçarx nümayiş olunub.
Bu münasibətlə, federasiya prezidenti AZƏRTAC-a göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.