Böyük Britaniya Rusiyanın neft nəqli və satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi ilə Rusiyaya yeni sanksiyalar elan edib.
“Report” xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Britaniya Rusiyanın “kölgə donanması”na daxil olan 135 neft tankerini sanksiyalar siyahısına əlavə edib.
Britaniya hökuməti iddia edir ki, sanksiya tətbiq edilən tankerlər 2024-cü ilin əvvəlindən 24 milyard dollar dəyərində Rusiya neftini daşıyıb.
Bundan əlavə, Britaniya sanksiyaları indi “kölgə donanması” gəmilərinin qeydiyyatda olduğu iki şirkətə şamil edilir. “Onlardan biri Rusiyanın “Lukoyl” neft şirkəti ilə bağlıdır”, - Britaniya hökuməti hesab edir.
“Yeni sanksiyalar Putinin “kölgə donanmasına” daha bir zərbə vuracaq və Rusiyanı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi mühüm neft gəlirlərindən məhrum edəcək”, - Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi vurğulayıb.