AZ

Böyük Britaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq etdi

BAKI, 21 iyul. TELEQRAF

Böyük Britaniya Rusiyanın neft ixracında istifadə etdiyi və “kölgə donanması” kimi tanınan 135 tankeri və iki rus şirkətini – "Intershipping Services LLC" gəmiçilik şirkəti və "Litasco Middle East DMCC" neft treyderini sanksiya siyahısına əlavə edib.

Teleqraf xəbər verir ki, Britaniya hökumətinin məlumatına görə, bu tanker donanması 2024-cü ilin əvvəlindən bu yana Rusiyanın enerji və neft sektorunda 24 milyard dollar dəyərində yük daşıyıb və ölkənin neft gəlirlərində mühüm rol oynayıb.

Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi bildirib ki, yeni sanksiyalar Prezident Vladimir Putinin "kölgə donanmasını" bir qədər də dağıdacaq və Rusiyanın müharibə büdcəsini əsas neft gəlirlərindən məhrum edəcək.

Hökumətin açıqlamasında qeyd olunub ki, "Intershipping Services LLC" şirkəti Qabon bayrağı altında gəmilərin qeydiyyatını həyata keçirərək, Rusiyanın lehinə illik 10 milyard dollar dəyərində yük daşımasına imkan yaradıb.

"Litasco Middle East DMCC" şirkətinə də Rusiya neftinin böyük həcmdə nəqlində iştirakına görə sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, Moskva daha əvvəl Qərbin tətbiq etdiyi sanksiyaları qanunsuz adlandırıb və onların qlobal enerji bazarını qeyri-sabitləşdirdiyini bildirib.

Xatırladaq ki, iyulun 19-u Avropa İttifaqı da Rusiyaya qarşı Ukrayna müharibəsi ilə əlaqədar 18-ci sanksiya paketini təsdiqləyib. Yeni paket Rusiya neft və enerji sektoruna əlavə zərbələr vurmağı hədəfləyir. Aİ və Böyük Britaniya bu çərçivədə Rusiya neftinə tətbiq edilən “qiymət tavanı”nı 60 dollardan 47,60 dollara endirmək planlarını açıqlayıb.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr