AZ

Əliyev ECO təşkilatını gücləndirən yol təklif etdi...


Əyyub Kərimli: “...ECO prosesinə ya formal qoşulublar, ya da zəif töhfə verirlər”

III Qlobal Şuşa Media Forumunun iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəaliyyətinə və mövcud fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac olduğuna diqqət çəkib.

DND Xəbərlər Agentliyinin rəhbəri Agha Iqrar Haroonun “...Siz ECO-nu qeyd etdiniz. ECO o qədər də operativ və ya qeyd etdiyiniz kimi, o qədər də uğurla çalışmadı. Belə mühüm regional təşkilatın süstlüyü arxasında nə kimi meyarlar dayana bilər” sualına Prezident İlham Əliyev belə cavab verib: “...Razıyam ki, bu təşkilatın çox böyük potensialı var və Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər.

Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq...”

Prezident İlham Əliyev Şuşada Media forumunda dedi ki, ECO təşkilatını daha da gücləndirmək lazımdır, ancaq bütün üzv dövlətlərin potensialı məlum olsa da, bəzi ölkələr passivdir. Prezident nə demək istəyib, hansı ölkələri nəzərdə tutub?

“...Əfqanıstan, Türkmənistan, Tacikistan kimi ölkələrin də bu inteqrasiyaya daxil olması üçün Azərbaycan böyük rol oynayacaq...”

İqtisadçı ekspert Əyyub Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, ölkə Prezidenti bu mesajla həm iqtisadi, həm də siyasi sahədə çox ciddi məqamlara toxunub: “Bilirsiz ki, ECO təşkilatının 10 üzvü var və bəzi üzvlər qurumun işində passiv iştirak edir. “ECO-nun potensialı məlumdur” deyəndə cənab Prezident bütün üzv ölkələrin iqtisadi imkanlarını, resurslarını, regiondakı rolunu tanıdığını göstərir. Yəni bütün ölkələrdə imkan, potensial var, amma bərabər səviyyədə istifadə olunmur.

...Hesab edirəm ki, konkret olaraq bəzi ölkələrin ECO səviyyəsində ya siyasi maraqları zəif olub, ya əməkdaşlıqda praktiki olaraq iştirak etməyiblər. Prezidentin də çıxışında bu nəzərdə tutulur.

Fikrimcə, "çoxtərəfli yanaşma lazımdır" dedikdə, ölkə Prezidenti ECO iştirakçısı olan ölkələrin həm də institusional və regional səviyyədə birgə qərarlar qəbul etməsinin vacibliyini qeyd edib.

Təşkilatın içində zəif ölkələr dedikdə, hesab edirəm ki, Əfqanıstana, Tacikistana, Qırğızıstana, Türkmənistana eyham vurulur, yəqin o ölkələr nəzərdə tutulur. Çünki bu ölkələr qapalı iqtisadi modellər, ya siyasi neytrallıq adı, ya regionda prioritetlərin fərqli olması səbəbilə ECO prosesinə ya formal qoşulublar, ya da zəif töhfə verirlər. Əsasən də Türkmənistan bu sıradadır. Qırğızıstanın və Tacikistanın iqtisadi vəziyyəti buna o qədər də imkan vermir.

Nəticə etibarilə ölkə Prezidenti “Azərbaycanın imkanları böyükdür” deməklə ölkəmizin bu təşkilat çərçivəsində artıq lider, aparıcı mövqeyə qalxmasını nəzərdə tutur”.

Ə.Kərimli vurğuladı ki, ölkələr arasında həm iqtisadi imkanların bərabər paylaşılması, həm iqtisadi inteqrasiyanın bərabər aparılması ECO çərçivəsində ölkələrin ciddi daxili inteqrasiyasının yaradılmasına töhfə verəcək: “Əslində ölkəmiz buna nail olacaq. Belə ki, regionda aparıcı gücə sahib olan ölkəmizin ECO-nun hər bir üzvü ilə ciddi ticari və siyasi əlaqələri və nüfuzu var. Bu baxımdan hesab edirəm ki, dolayı yolla Əfqanıstan, Türkmənistan, Tacikistan kimi ölkələrin də bu inteqrasiyaya daxil olmasında Azərbaycan böyük rol oynayacaq, bu ölkələrin də ECO- ya real töhfə verməsinə dəstək olacaq”-deyə Ə.Kərimli bildirdi.

İradə SARIYEVA

Seçilən
14
50
baki-xeber.com

10Mənbələr