AZ

Şou-biznesdə saxta nikah qalmaqalı: Biz İranda yaşamırıq!

Son günlər şou-biznes aləmində “saxta toy” iddiaları geniş rezonans doğurub. Aktrisa Pərvin Abıyeva və müğənni Nadir Qafarzadənin bu mövzuda səsləndirdiyi fikirlər cəmiyyətin diqqətini çəkib. Onların sözlərinə görə, bəzi insanlar imic və maddi qazanc naminə şou xarakterli saxta toylar təşkil edir, gəlin və bəy, hətta qayınana-qayınata rollarını aktyorlar ifa edir.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış prodüser Tarix Əliyev (Tolik) məsələyə fərqli prizmadan yanaşıb. O, bu cür halların əvvəllər də baş verdiyini xatırladıb:

“Belə şeylər olub. Çox məşhur müğənnilərimiz arasında belə hallar yaşanıb. Məsələn, bir xanım müğənni ərə getdiyini bildirsə də, həmin toyda bəy görünməyib. Amma bu hadisə təxminən 15 il əvvəl olub".

O, hazırda da bu cür vəziyyətlərin davam etdiyini vurğulayıb:

“Fikir versəniz, yeni evlənən cütlüklərin çoxu bir neçə aydan sonra boşanır. Səbəb kimi də yola getmədiklərini göstərirlər. Məncə, bu məsələyə qanunla nəzarət olunmalıdır. Şadlıq evləri toy üçün mütləq nikah haqqında şəhadətnamə tələb etməlidir. Tanınmış olmasalar belə, bəzi qızlar valideynlərdən canlarını qurtarmaq üçün 5-10 nəfərlə özlərinə toy edirlər. Rəsmi nikah yox, dini kəbinlə evlənirlər. Biz İranda yaşamırıq ki, dini qanunlarla toy edək. Rəsmi nikah vacibdir”.

Tolik saxta toyların sonradan ciddi sosial problemlərə səbəb olduğunu da qeyd edib:

“Sabah uşaq dünyaya gələndə sənədsiz qalırlar. Sonra biri Xoşqədəmin, biri Zaurun, digəri Lalənin verilişinə çıxır ki, rayonda toy eləmişik, nikah yoxdur, uşağa sənəd ala bilmirik. Bütün bu şəxslər qanun qarşısında cavab verməlidirlər. İlk növbədə tanınmış simalardan başlamaq lazımdır. Necə ki, sosial verilişlərdə ailəsi olmayan müğənnilər camaata dərs verir, bu da elə bir məsələdir. Məni belə toylara dəvət etsələr, iştirak etmərəm. Camaatın gözündə yalançı biri kimi tanınmaq istəmirəm”.

O, həmçinin Nadir Qafarzadənin açıq danışdığına diqqət çəkərək əlavə edib ki, o, bu toyların iştirakçısı olubsa, ad da çəkməli idi.

Məsələ ilə bağlı aparıcı Çinarə Əliyeva da fikirlərini bölüşüb. O, belə hallarla qarşılaşmadığını deyib:

“Bu haqda heç nə deyə bilmərəm. Çünki biz heç vaxt belə hallarla rastlaşmamışıq. Artıq 15 ildir məclislərdəyəm, amma belə saxta toylarla üzləşməmişəm. Hətta belə bir məclisə dəvət alsam belə, iştirak etmərəm”.

Seçilən
33
50
demokrat.az

10Mənbələr