İnsan yaradıcılığı sərhədsiz və limitsizdir
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu qlobal informasiya mühitində baş verən köklü dəyişikliklər fonunda mühüm bir dialoq platforması kimi yadda qaldı. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda təşkil olunan bu tədbir, sürətlə inkişaf edən texnologiyaların, xüsusilə, süni intellektin medianın strukturuna və funksiyasına təsirini müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Forum iştirakçıları ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin süni intellektə dair fikirləri, bu texnologiyanın cəmiyyətə və informasiya siyasətinə təsiri ilə bağlı düşüncələri, medianın dayanıqlılığı və dəyərlərinin qorunması məsələlərinə diqqət yönəldib. Prezidentin qeyd etdiyi kimi, süni intellektin həyatımıza nüfuz etməsi qaçılmazdır, lakin əsas məsələ bu texnologiyanın bizi əsas prinsiplərdən və peşəkar meyarlardan uzaqlaşdırmamasıdır. Bu yanaşma, medianın gələcək inkişaf yolunda etik və funksional dayanıqlılığın təmin edilməsinin zəruriliyini bir daha önə çıxarır.
Forumla bağlı təəssüratlarını bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, süni intellektin sürətli inkişafı media sahəsində bəzi ənənəvi peşələri təhdid etsə də, bu texnologiyanı rəqib yox, birgə işləyən tərəfdaş kimi görmək lazımdır:

“3-cü Şuşa Qlobal Media Forumunun əsas mövzusu məhz süni intellekt dövründə medianın davamlı və dayanıqlı olmasıdır. Sİ o qədər sürətlə inkişaf edir ki, təkcə media yox, bir çox sahələrdə ənənəvi peşələri təhdid altına salır. Hikmət bəy (Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri) də çıxışının əsas hissəsini məhz süni intellektə həsr etmişdi. Söhbətimizdə də o, bu mövzunun ölkə rəhbərliyinin xüsusi diqqətində olduğunu vurğuladı və qeyd etdi ki, texnologiya və süni intellektin inkişafı ilə sadəcə uyğunlaşmaq lazımdır, kənarlaşdırmaq, qarşı gəlmək mümkünsüzdür. Mənim açıqlamalarım və yanaşmam isə əslində sadədir. Əgər siz rəqəmsal və gündəlik, rutin təkrarlanan iş yüklü bir peşə sahibisinizsə, süni intellekt işinizi əlindən ala bilər. Çünki müasir bir Aİ-nin bir işi əvəzləməsi üçün 2 əsas şərt var: iş rəqəmsaldır və eyni şeylər təkrarlanır. Bunu Aİ-yə öyrətmək isə artıq çox asandır”.
F.Pərdəşünas qeyd edib ki, rutin və təkrarlanan vəzifələr süni intellekt tərəfindən yerinə yetirilə bilər, lakin müstəqil araşdırma, təhlil, insan duyğusu və yaradıcılıq kimi dəyərlər hələ də insan jurnalistlərin üstünlüyüdür. Əgər media işçiləri süni intellektin imkanlarından istifadə etməyi öyrənərsə, bu onları daha məhsuldar və rəqabətli edəcək. Əks halda, yalnız texniki və təkrar işlərlə məşğul olan peşələr Aİ tərəfindən əvəzlənə bilər. Bu baxımdan süni intellektlə əməkdaşlıq edən yaradıcı jurnalistlər gələcəyin qalibləri olacaq:
“Medianın əsas istiqaməti bu olmalıdır. İnsan yaradıcılığı sərhədsiz və limitsizdir, Aİ sadəcə buna əsaslanır. Bəs yaradıcı süni intellekt? Onun da referansı elə insan yaradıcılığıdır. Əgər müstəqil araşdırma, təhlil, fərdi fikir, jurnalist yanaşması, insan analizi olmasa, Aİ üçün məlumat bazası da olmayacaq. Bu, bir-birini tamamlayan iki dostdur, düşmən yox.
Yuxarıda sadaladığım səbəblərdən korrektorlar, redaksiya tərcüməçiləri, press-relizi paylaşanlar, alt yazı yazanlar, skript formalaşdıranlar, üzərinə səs yazanlar, redaktorlar, ənənəvi arxiv və məlumat toplayanlar işlərində artıq AI ilə hesablaşmalı olacaqlar. Bunun əksinə, süni intellekt ilə işləməyi bacaran yaradıcı media çalışanları daha ön plana çıxacaq və daha çox qazanacaqlar”.