Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 iyul tarixinə 17 milyard 177,4 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdir.
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir .
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 10,7 milyon ABŞ dolları (cari məzənnə ilə 8 milyard 518,19 milyon manat ) təşkil etmişdir.
2025-ci il 1 iyul tarixinə Azərbaycanın cəmi xarici və daxili borcu 25 milyard 695,59 milyon manat təşkil edib.
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1 milyard 27,5 milyon manatın ödənilməsi təmin edilmişdir.