Bu gündən İstanbulda 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (“IDEF 2025”) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərgi Türkiyə Prezidentinin himayəsi, ölkənin Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin dəstəyi, Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun rəhbərliyi və KFA Fuarcılık AŞ-nin təşkilatçılığı ilə keçirilir.
“IDEF 2025”də 33 ölkədən nazirlər, 120-dən artıq nazir müavinləri, eləcə də baş qərargah rəisləri və ordu komandirlərindən ibarət nümayəndə heyətləri iştirak edir. Dünyanın 44 ölkəsinin stendlə qatıldığı tədbirdə 400-dən çox beynəlxalq şirkət öz məhsullarını nümayiş etdirir.
Azərbaycan sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumi stendin sahəsi 567 kvadratmetr təşkil edir. Stenddə MSN və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunacaqlar.
“IDEF 2025”də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7.62x54 millimetrlik snayper tüfəngi, iki növ 12,7x108 millimetrlik iriçaplı piyada pulemyotu və 14.5x114 millimetrlik iriçaplı pulemyot sərgilənir.
Sərgi çərçivəsində quru döyüş vasitələri bölməsində əsas döyüş tankları, zirehli döyüş maşınları, elektron müharibə sistemləri, müxtəlif növ raketlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz quru vasitələri (İKA) yer alır.
Hava vasitələri bölməsində isə sabit qanadlı platformalar, hava hücumundan müdafiə sistemləri, elektron müharibə texnologiyaları, peyklər, pilotsuz uçuş aparatları (PUA) və təyyarə mühərrikləri kimi məhsullar sərgilənir.
Sərginin dəniz vasitələri bölməsində döyüş və dəstək gəmiləri, sabit və fırlanan qanadlı platformalar, suüstü və sualtı pilotsuz vasitələr (İSA), habelə komanda, idarəetmə və rabitə sistemləri nümayiş etdirilir. Sərgidə, həmçinin təhlükəsizlik və logistika sahəsində texnologiyalar da ziyarətçilərə təqdim olunur.
Sərgi iyulun 27-dək davam edəcək.
Bildirək ki, MSN IDEF sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir.