AZ

Baş ağrısının səssiz səbəbləri: 5 əlamətə diqqət!

Baş ağrıları gündəlik həyatda çox rast gəlinən şikayətlərdən biridir. Lakin bir çox hallarda bu ağrıların səbəbi düşündüyümüz qədər aydın olmaya bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi səssiz və fərq edilməyən vərdişlər baş ağrılarını tetikleyir. Onların qarşısını isə sadə dəyişikliklərlə almaq mümkündür.

1. Susuzluq

Baş ağrılarının ən çox yayılan səbəblərindən biri bədənin maye çatışmazlığıdır. Su az qəbul edildikdə, beynin həcmi müvəqqəti olaraq azalır və kəllə boşluğundan bir qədər uzaqlaşır. Bu da döyünən və ya sıxıcı baş ağrısına səbəb olur. Həkimlər birdən-birə çox su içməkdənsə, mayeni yavaş-yavaş və qurtumla qəbul etməyi tövsiyə edirlər.

2. Stress

Stress zamanı boyun və baş dərisindəki əzələlər gərginləşir. Bu da gərginlik tipli baş ağrılarına yol açır. Bu ağrılar adətən başın ətrafında sıxılma və ya təzyiq hissi ilə müşahidə olunur. Mütəxəssislər stresslə mübarizədə tənəffüs məşqləri, yüngül fiziki fəaliyyət və istirahətin faydalı olduğunu bildirirlər.

3. Yuxusuzluq və nizamsız yuxu

Keyfiyyətsiz və az yuxu da baş ağrısının mühüm səbəblərindəndir. Xüsusilə gecələr kifayət qədər yatmayan insanlarda səhər saatlarında ağrıların daha çox baş verdiyi müşahidə olunur. Yuxu çatışmazlığı beyində ağrıya qarşı həssaslığı artırır. Nizamlı və keyfiyyətli yuxu, bu cür baş ağrılarının qarşısını almaqda əsas rol oynayır.

4. Sinus və allergiyalar

Burun tutulması, sinusların təzyiqi və allergik reaksiyalar nəticəsində sinus mənşəli baş ağrıları inkişaf edə bilər. Alın, göz ətrafı və yanaqlarda hiss edilən bu ağrılar, adətən sinusların seliklə dolması və ya infeksiya ilə bağlı olur. Əsas səbəbin müalicəsi ilə bu ağrılar da aradan qalxır.

5. Boyun və çiyin problemləri

Başın arxa hissəsində başlayan və bəzən gözə yayılan baş ağrıları, boyun və onurğa mənşəli – servikogen baş ağrıları ola bilər. Bu cür ağrılar boyun hərəkətləri ilə daha da güclənir və bəzən ürəkbulanma, işığa həssaslıqla müşayiət olunur.

Həkimə nə zaman müraciət etməli?

- Baş ağrılarının çoxu ev şəraitində idarə oluna bilər. Lakin aşağıdakı hallarda mütləq mütəxəssisə müraciət edilməlidir:

- Ani və şiddətli (ildırım tipli) baş ağrıları

- Heç bir ağrıkəsiciyə cavab verməyən davamlı ağrılar

- Görmə itkisi, yüksək hərarət, yuxululuq və ya çaşqınlıqla müşayiət olunan ağrılar

- Zamanla xarakteri dəyişən və ya güclənən baş ağrıları

- Baş zədəsindən sonra yaranan ağrılar

Baş ağrısının səbəbini düzgün anlamaqla həm həyat keyfiyyətini artırmaq, həm də daha ciddi sağlamlıq problemlərinin qarşısını almaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

phrase_var_article.chosen
13
4
e-saglam.az

5phrase_var_article.sources