AZ

"Prezidentin Xankəndidəki çıxışı Azərbaycanın strateji təfəkkürünün konturlarını təqdim edir"

"Prezident İlham Əliyevin Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumunda çıxışı və forum çərçivəsində beynəlxalq media nümayəndələrinin suallarına verdiyi cavablar Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni strateji identikliyin və siyasi fəlsəfəsinin parlaq təzahürü kimi qiymətləndirilə bilər". Milli Məclisin deputatı Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirib ki, forumun məhz Xankəndidə keçirilməsi, şübhəsiz ki, təsadüfi deyil. Bu, təkcə texniki və təşkilati qərar deyil, eyni zamanda siyasi və psixoloji məna daşıyan, Azərbaycanın suverenlik fəlsəfəsinin və siyasi iradəsinin vizual ifadəsidir.

E.Mirzəbəyli onu da diqqətə çatdırıb ki, Prezidentin cavablarında bir neçə paralel istiqamət üzrə ciddi analitik baxış bucağı nəzərə çarpır: "Əvvəla, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və reinteqrasiya prosesi suveren dövlətin daxili siyasətinin fundamental elementi kimi təqdim olunur. Burada yalnız texniki və fiziki infrastrukturun qurulması deyil, həm də bu ərazilərin milli dövlətçilik fəlsəfəsinə uyğun sosial-mədəni və hüquqi məkan kimi yenidən təşkili diqqətə çatdırılır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, bu ərazilər Azərbaycanın ayrılmaz hissəsi olaraq beynəlxalq hüquq normalarına uyğun və tam şəkildə reinteqrasiya olunub və burada separatçılıq meyillərinə heç bir şəkildə imkan verilməyəcək. Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar isə regionda kommunikasiyaların bərpası və əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın prinsipial və ardıcıl mövqeyini bir daha nümayiş etdirir. Ermənistanın bu istiqamətdəki qeyri-konstruktiv mövqeyi fonunda Azərbaycan öz tranzit potensialını diversifikasiya edərək alternativ nəqliyyat marşrutlarının genişləndirilməsi istiqamətində konkret addımlar atır. Prezident bu xüsusda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta dəhliz, Bakı-Tbilisi-Qars xətti, eləcə də Qars-Naxçıvan marşrutunun potensialına diqqət çəkdi. Bu yanaşma təkcə regional deyil, qlobal enerji və logistika xəritəsində Azərbaycanın mövqeyini gücləndirən strateji çəki daşıyır".

Deputat qeyd edib ki, forum çərçivəsində Prezidentin beynəlxalq hüquq, suverenlik və daxili işlərə qarışmamaq prinsipinə verdiyi önəm ölkənin çoxvektorlu xarici siyasət konsepsiyasının təməl prinsiplərini ifadə edir: "Azərbaycan bu gün dünya siyasi sistemində öz yerini beynəlxalq hüquqa söykənən, prinsipial, eyni zamanda praqmatik mövqe tutan aktor kimi müəyyənləşdirir. Xüsusilə Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı ilə inteqrasiya və Rusiya, İran və Çin kimi qonşularla balanslaşdırılmış münasibətlər bu siyasətin nəticələridir. Prezidentin çıxışında bu tarazlığın saxlanması üçün diplomatik çevikliyin və milli maraqlara söykənən qərarvermə məharətinin vacibliyi açıq şəkildə ifadə olunur".

E.Mirzəbəyli deyib ki, Ukrayna məsələsinə dair açıqlamalar Azərbaycanın qlobal geosiyasi böhranlara münasibətdə göstərdiyi yanaşmanın prinsipial təməl üzərində qurulduğunu göstərir: "Prezident İlham Əliyev bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin tərəfdarı olduqlarını bəyan etməklə yanaşı, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və texniki yardımları xatırladır. Bu yanaşma ölkəmizin beynəlxalq münasibətlərdə tərəfsiz, amma prinsipial mövqeyinin, həmçinin "selektiv beynəlxalq hüquq" praktikasına qarşı çıxış edən mötəbər bir tərəfdaş kimi qəbul olunduğunun sübutudur. Forumun mövzusundan doğan ən mühüm aspektlərdən biri də informasiya siyasətinə dair Prezidentin mövqeyidir. İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarına açıq, təmkinli və arqumentli şəkildə cavab verməsi Azərbaycanın informasiya müharibəsində effektiv mübarizə strategiyasına sahib olduğunu nümayiş etdirir. Bu çıxış həm də dövlət başçısının medianı rəqib deyil, tərəfdaş və dialoq platforması kimi dəyərləndirdiyini göstərir. Prezidentin informasiya təhlükəsizliyi ilə şəffaflıq və demokratiya arasında tarazlıq yaratmaq bacarığı ölkənin yumşaq güc potensialını artıran əsas amillərdən biridir".

Həmsöhbətimiz vurğulayıb ki, ümumilikdə Prezident İlham Əliyevin Xankəndidəki çıxışı Azərbaycanın yeni dövrdə formalaşdırdığı strateji təfəkkürün konturlarını təqdim edir: "Bu təfəkkür postmünaqişə dövründə yalnız ərazilərin fiziki deyil, siyasi, hüquqi və mənəvi reinteqrasiyasını təmin edən, regional təşəbbüslərlə qlobal əməkdaşlıq arasında körpü yaradan, informasiya təhlükəsizliyi ilə ictimai dialoq arasında balansı qoruyan kompleks və çoxvektorlu bir yanaşmadır. Bu həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində suveren, beynəlxalq hüquqa əsaslanan, məsuliyyətli aktor kimi irəliləmək əzmində olduğunu təsdiqləyən siyasi manifestdir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

phrase_var_article.chosen
10
azerbaijan-news.az

1phrase_var_article.sources