AZ

Piyadanı vuraraq hadisə yerindən qaçan qadın sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən A.Şirinovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 24 may 2023-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, A.Şirinova idarə etdiyi “Hyundai Accent” markalı nəqliyyat vasitəsi ilə sözügedən ərazidə yerləşən məcburi köçkünlər şəhərciyi, 8-ci binanın qarşısından 10-cu bina istiqamətinə hərəkətdə olan zaman piyada hərəkətdə olan zərərçəkmiş S.S.-i maşınla vurub. Nəticədə zərərçəkmiş şəxsin sol baldır sümüklərinin yerdəyişmiş qapalı sınıqları ilə nəticələnən az ağır xəsarət yetirib. Hadisədən sonra A.Şirinova hadisə yerindən qaçıb.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə A.Şirinova zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Lakin qadın Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

Tarix: 23 İyul 2025, 08:31   
Seçilən
108
pravda.az

1Mənbələr