2025-ci il Azərbaycan milli mətbuatının 150 illik yubileyi kimi tarixə yazıldı. Bu əlamətdar hadisə yalnız mətbuat tariximizin qızıl səhifələrini yenidən vərəqləməyə fürsət vermədi, həm də biz jurnalistlər dövlət səviyyəsində daha bir diqqət və ehtiramın nümunəsini gördük. Başqa sözlə, növbəti dəfə Prezident İlham Əliyevin jurnalistlərə və bütövlükdə milli mətbuata qayğı və dəstəyinə bir daha şahidlik etdik.
Dövlət başçısının birbaşa təşəbbüsü ilə KİV-ə beynəlxalq standartlara uyğun dəstək mexanizmlərinin tətbiqi, eləcə də mətbuatın müasir dövrün tələbləri səviyyəsində inkişafını təmin edən sərəncamları, sadəcə, rəsmi tədbirlər deyil, mətbuata olan dərin inamın, sözə və söz azadlığına hörmətin ifadəsidir. Bu, həm də Prezidentin "media cəmiyyətin vicdanıdır" prinsipinə olan sadiqliyinin canlı təcəssümüdür. Milli mətbuatın 150 illik yubileyi ərəfəsində III Qlobal Şuşa Media Forumunda çıxışı isə təkcə tarixə nəzər salmaq yox, həm də gələcəyə inamla baxmaq çağırışıdır: "Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır". Prezidentin bu sözləri, sadəcə, nitq deyil, mətbuatın keşiyində duranlara ünvanlanmış dəyər dolu bir salamdır.
Bu səmimi çağırışın əks-sədası isə yubileylə bağlı bir qrup ölkə jurnalistinin əməyinə verilən yüksək mükafatlar oldu. Qəzetimizin də 4 əməkdaşı həmin sırada yer aldı. "Azərbaycan" qəzeti baş redaktorunun müavini Raqif Məmmədli, şöbə redaktorları Rəşad Cəfərli, Rəşad Baxşəliyev və Humanitar siyasət şöbəsinin müxbiri Zöhrə Fərəcovanın fəaliyyətləri Prezident tərəfindən yüksək qiymətləndirildi.
Bu, təkcə əməkdaşlarımızın fərdi uğurları deyil, həm də "Azərbaycan" qəzetinin fəaliyyətinə verilən qiymətdir. O qiymət ki, həm məsuliyyətimizi artırır, həm də bizi işimizi günün tələbləri səviyyəsində qurmağa çağırıır.
"Azərbaycan"