AZ

Sadə jurnalist əməyinə verilən böyük dəyər

150 il... Zamanın axarında ötüb keçdi. Azərbaycan mətbuatı 150 yaşına gəlib çatdı.

Təməl qoymaq asan deyil. O zaman Həsən bəy Zərdabinin qarşılaşdığı çətinlikləri isə saymaqla bitməzdi. Əvvala, məmləkətimiz azad, müstəqil deyildi. Azərbaycan o zaman çar Rusiyasının tərkibində idi. Və çarizm üçün imperiyanın boyunduruğu altında olan əyalətlərin dili, dini ayrı xalqların inkişafı arzuedilən deyildi. Azərbaycanda da milli şüurun oyanışına aparan bütün yolların önündə maneələr yaradılırdı.

Milli mətbuatın milli kimlik duyğusunun aşılanmasında və xalqın özünüdərkində əvəzsiz rolunu nəzərə alan çar hökuməti millətinin, vətəninin təəssübkeşi olan Həsən bəy Zərdabinin qəzet açmaq niyyətini müsbət qarşılamazdı. Ancaq Həsən bəyin millətpərvərliyi, vətənsevərliyi, cəfakeşliyi və inadkarlığı nəticəsində 1875-ci il iyulun 22-si Azərbaycan tarixində əlamətdar günə çevrildi. O gün publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim Həsən bəy Zərdabi çox böyük müşkülləri aşaraq, zəhmət çəkərək, fədakarlıqlar göstərərək "Əkinçi"nin ilk sayının işıq üzü görməsinə nail oldu. Çar senzor idarəsinin təzyiqləri, danosbazların şər-böhtanları, eləcə də övladı olduğu xalqına qənim kəsilən, həmvətənlərinin səfil, cahil qalmasını istəyənlər "Əkinçi"nin uzun illər fəaliyyət göstərməsinə imkan vermədilər.

Azərbaycanda "Əkinçi"dən sonra da yeni mətbu orqan yaratmaq çox çətin, mükşül oldu. Amma ilk  qəzetimizin izini itirə bilmədilər. Ardıcılları "Ziya" (daha sonra "Ziyayi-Qafqaziyyə"), "Kəşkül", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Füyuzat", "Açıq söz", "Azərbaycan" və digər mətbu orqanlarımız "Əkinçi"nin açdığı yolla qürurla, şərəflə, dəyanətlə, cəsarətlə addımladılar. O qəzet və jurnalların redaktorlarının, müxbirlərinin əksəriyyəti Həsən bəy Zərdabi kimi cəfakeş oldular. Göstərdilər ki, vətəni, xalqı böyük, təmənnasız, fədəkarcasına sevmək mümkündür.

Azərbaycan mətbuatının yolu enişli-yoxuşlu oldu. Amma Həsən bəy Zərdabinin qoyduğu bünövrə möhkəm idi. Belə olmasaydı, Azərbaycan mətbuatı 150 ilin sınağından bu cür üzüağ çıxa bilməzdi.

Bu gün mətbuatımız yeni dövrünü yaşayır. Çünki jurnalistikamızın fədakarlarının - Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Əlimərdan bəy Topçubaşovun və digər vətənpərvərlərimizin arzusunda olduqları, yolunda yorulmadan mücadilə etdikləri, xəyalını qurduqları dünyanın inkişaf etmiş ölkələrinin sırasında yeri olan azad Azərbaycanın mətbuatıdır. 

XX əsrin sonlarında ölkəmiz müstəqilliyinə qovuşsa da, bayramımızı ürəkaçıqlığı ilə qeyd edə bilmədik. Çünki torpaqlarımızın 20 faizi havadarlı Ermənistan tərəfindən işğal olunmuşdu. 30 il qəsbkarların işğalında qalan Qarabağ və Şərqi Zəngəzur, nəhayət ki, dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, rəşadəti sayəsində azad edildi.

Bu gün Azərbaycan jurnalistləri böyük qürurla, fəxrlə o ərazilərdə dövlətimiz tərəfindən həyata keçirilən sürətli tikinti-quruculuq işlərindən, məcburi köçkün adından qurtulmuş Qarabağ və Şərqi Zəngəzur sakinlərinin yenidən inşa olunmuş kəndlərə, şəhərlərə qayıdışından yazırlar. Azərbaycan tarixinə yeni səhifələr yazıldığı bir dövrdə bu məsuliyyətli və şərəfli peşənin daşıyıcıları cəmiyyətin məlumatlandırılmasında və maarifləndirilməsində, milli dəyərlərimizin təbliğində fəallıq nümayiş etdirirlər. 

Sevindirici haldır ki, dövlətimiz tərəfindən ölkəmizdə medianın inkişafına böyük diqqət və qayğı ilə yanaşılır, jurnalistlərimizin əməyi yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamı, həmçinin media nümayəndələrini təltif etməsi bu diqqət və qayğının növbəti təzahürüdür. Xəbər verildiyi kimi, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 1 nəfər 1-ci dərəcəli, 10 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 137 nəfər "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə isə 26 nəfər "Əməkdar jurnalist" fəxri adına layiq görüldü. Bundan başqa, Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi.

Əməyimizə verilən bu böyük dəyər biz jurnalistləri sevdiyimiz, seçdiyimiz peşənin bundan sonra da qədrini bilməyə, məsuliyyətini dərk edərək çalışmağa sövq edir. 

Zöhrə FƏRƏCOVA.

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr