AZ

Azərbaycan-Misir əməkdaşlığı qarşılıqlı etimada əsaslanır 

Dünyanın ən qədim sivilizasiyalarından biri olan Misir dedikdə istər-istəməz gözlərimiz önündə nəhəng ehramlar, Qırmızı dəniz, Musa dağı, şirin və dadlı meyvələr, uzun və zərif lifli pambıq, bu qitəyə həyat verən möhtəşəm Nil çayı canlanır. Qədim Misir dövlətçiliyin, yəni cəmiyyətin sosial-iqtisadi münasibətlərinin inkişafı üçün ilkin şəraitin yarandığı ərazilərdəndir. 

Misirin iqtisadi potensialı çox böyükdür - gəmiçilik yollarının kəsişməsində əlverişli coğrafi mövqe, turistləri cəlb edən unikal memarlıq abidələri, 110 milyonluq əhali və böyük logistika imkanları. Misir iqtisadiyyatı Afrika və Yaxın Şərqin inkişaf etmiş və çoxşaxəli iqtisadiyyatlarından biridir. Buraya kifayət qədər inkişaf etmiş sənaye, eləcə də sürətlə inkişaf edən xidmət sektoru daxildir. Kənd təsərrüfatı həmişə Misir iqtisadiyyatının onurğa sütunu olmuşdur. Misir iqtisadiyyatının əsas inkişaf sahələrindən biri də enerji ehtiyatlarının hasilatı və ixracıdır. Ölkə Sina yarımadasında və Aralıq dənizi regionlarında böyük neft və qaz yataqlarına malikdir. Bu, dövlət büdcəsinə sabit gəlir axınını təmin edir.

Tarixən kənd təsərrüfatı bu ölkədə mühüm sahə olub. Lakin son illərdə sənayeləşmə və xidmət sektoruna diqqət artmışdır. Həmçinin enerji, turizm və informasiya texnologiyaları Misir iqtisadiyyatında həlledici rol oynayır. Onun müasir iqtisadiyyatı həm bazar, həm də dövlət elementləri ilə qarışıq şəkildə inkişaf edir. 

Misir bəzi yeraltı və yerüstü sərvətlərlə zəngindir. Ölkə gübrə hazırlamaq üçün lazım olan fosfatların əsas istehsalçısıdır. Fosfat yataqları Misirin müxtəlif yerlərində, o cümlədən Qərb və Şərq səhralarında yerləşir.

İstehsal sənayesinin sahələri arasında ölkənin pambıq, qismən yun və ipək parçalara olan tələbatını ödəyən toxuculuq və qida sənayesi daha çox inkişaf edir. Misirdə həm də sintetik parçalar istehsal olunur, xalçaçılıq inkişaf etdirilir. Aparıcı toxuculuq müəssisələri Nil deltasında Əl-Mahalla-əl-Kubra və digər şəhərlərdə yerləşir.

Maşınqayırma sənayesi isə əsasən Helvan, Qahirə, İsgəndəriyyə və Port Səid şəhərlərində cəmləşmişdir. Burada metalkəsən dəzgahlar, avtomobil və təyyarəyığma zavodları, həmçinin vaqon, velosiped, soyuducu və digər məişət texnikası istehsalı üzrə zavodlar, gəmiqayırma və radiotexnika zavodları və s. yerləşir. 

Beynəlxalq standartlara görə, Misir inkişaf etməkdə olan ölkədir. Beynəlxalq əmək bölgüsü sistemində bu ölkə neft məhsulları, pambıq, tekstil, geyim istehsalı, turizm və nəqliyyat sahəsində xidmətlər üzrə ixtisaslaşıb. Ümumi daxili məhsulun strukturunda sənayenin payı 32, kənd təsərrüfatının payı 17 faizdir. Sənayenin strukturunda neft, qaz, faydalı qazıntıların, xüsusən də dəmir, manqan və xrom filizlərinin, kimyəvi xammalların, xüsusən də fosforitlərin, sement xammalının emalını əhatə edən hasilat sənayesi mühüm yer tutur. Qara və əlvan metallurgiya inkişaf etsə də, ölkədə onların işlənib hazırlanması üçün lazım olan koks kömürləri yoxdur və buna      görə də onu idxal etməli olurlar.

Məlum olduğu kimi, Misir iqtisadiyyatının əsas gəlir mənbəyi çoxlarının düşündüyü kimi, turizm və ya kənd təsərrüfatı deyil, Süveyş kanalından keçən gəmilərdən yığılan rüsumlardır. Misir Süveyş kanalı və Süveyş-Aralıq dənizi (SUMED) boru kəməri vasitəsilə iki tranzit məntəqəsinin fəaliyyət göstərməsinə görə beynəlxalq enerji bazarlarında, eləcə də qlobal logistikada strateji əhəmiyyətli rol oynayır. Süveyş kanalı Misir üçün mühüm valyuta, gəlir mənbəyidir. Lakin Yəməndə husilərin silahlı qruplaşmalarının ticarət donanmasını tez-tez hədəf seçməsi və beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi də Süveyş kanalının buraxıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Onun fəaliyyəti dövlətə əhəmiyyətli gəlir gətirir və bəzi illərdə bu məbləğ 10 milyard dollardan çox olur. 

Misir sənayesində neft və təbii qaz hasilatı, qida sənayesi, pambıq parça və geyim istehsalı, metallurgiya (polad və alüminium istehsalı), bəzi maşınqayırma sənayesi və elektrik energetikası böyük rol oynayır. Ölkədə toxuculuq sənayesi, metallurgiya, yeyinti sənayesi və maşınqayırmanın bəzi sahələri inkişaf etmişdir. Neft və qaz iqtisadiyyatda, xüsusən də ixracda mühüm rol oynayır. Xidmət sektoru daha sürətlə inkişaf edir.

Misir təsdiq olunmuş təbii qaz ehtiyatları əsasında Aralıq dənizinin Misir iqtisadi zonasında şelf və dərinsulu yataqlarda (62 faiz), Nil deltasında (19 faiz) və Qərb səhrasında (18 faiz) cəmləşmişdir. Zohr yatağı Aralıq dənizində ən böyük təbii qaz yatağı hesab olunur.

Misirdə əmək qabiliyyətli əhalinin 32 faizi kənd təsərrüfatında, 17 faizi sənayedə, 51 faizi isə xidmət sektorunda çalışır. Ölkə ərazisinin 90 faizindən çoxu səhra olduğu üçün Misir torpaqlarının cəmi 5 faizə yaxını kənd təsərrüfatı fəaliyyəti üçün yararlıdır. Bütün ölkənin kənd təsərrüfatı tək bir çaydan - Nildən asılıdır. Misirin kənd təsərrüfatı məhsullarına pambıq, düyü, qarğıdalı, buğda, şəkər qamışı, meyvə və tərəvəz kimi geniş çeşiddə məhsullar daxildir. Yüksəkkeyfiyyətli pambıq becərilməsi uzun müddətdir ki, ölkənin kənd təsərrüfatına, eləcə də toxuculuq sənayesinə töhfə verir. Misir dünyanın ən böyük buğda istehsalçıları sırasında olmaqla yanaşı, məhsulun yüksək istehlak həcminə görə də dünyanın ən böyük buğda idxalçısıdır. 

Misirin valyuta ehtiyatları 2025-ci ilin iyun ayının sonuna 48,7 milyard dollar təşkil edib. Bu ehtiyatlar ixracdan əldə edilən gəlirlər, xaricdə işləyən misirlilərin pul köçürmələri, Süveyş kanalından, turizm sektorundan, eləcə də qızıl və digər aktivlərdən əldə olunan gəlirlər hesabına formalaşır. 

Misiri hər il təxminən 14-15 milyon turist ziyarət edir. Ümumiyyətlə, Misirdə turizm ölkə iqtisadiyyatının mühüm hissəsidir. Misir 50 əsrlik zəngin tarixə və mədəni irsə malikdir və dünyanın ən məşhur arxeoloji möcüzələrinə evsahibliyi edir, o cümlədən ehramidalara, Böyük Sfinks, qədim Luksor və Karnak məbədlərinə. Bu tarixi yerlər hər il milyonlarla ziyarətçi cəlb edir. Qahirə kimi şəhərlər firon Tutanxamonun qızıl maskası da daxil olmaqla qədim artefaktların geniş kolleksiyasını özündə cəmləşdirən Misir Muzeyi kimi dünya səviyyəli muzeyləri ilə öyünür. Bu mədəni sərvət dünyanın hər yerindən tarix və mədəniyyət həvəskarları və alimləri üçün maqnit rolunu oynayır.

 Azərbaycan və Misir xalqları arasında əlaqələr dərin köklərə malikdir. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ildə isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. 

 Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Misir siyasi münasibətləri inkişaf edərək Prezident İlham Əliyevin hakimiyyəti illərində özünün yüksək səviyyəsinə çatıb. Azərbaycan və Misir dövlət başçılarının qarşılıqlı səfərləri siyasi sahədə olduğu kimi, iqtisadi münasibətlərin inkişafına da müsbət təkan verib. Prezident İlham Əliyevin Misirə səfərləri zamanı 60-dan çox sənəd imzalanıb, münasibətlərin müsbət məcrada inkişaf etdirilməsi üçün münbit zəmin yaradılıb. Bütün bu sənədlər qarşılıqlı münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib. 

MƏR Prezidenti Əbdülfəttah Əs-Sisinin də Azərbaycana səfəri qarşılıqlı əməkdaşlığın şaxələndirilməsində mühüm rol oynayıb. Sevindirici haldır ki, beynəlxalq məsələlər üzrə tərəflər arasında heç bir fikir ayrılığı yoxdur və bir qayda olaraq mövqelər üst-üstə düşür. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər.

 Son illər İqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti Azərbaycan və Misir hökumətləri arasında əlaqələrin güclənməsində mühüm rol oynayır. 2024-cü ilin sentyabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb müzakirələr aparıb.      

İqtisadi əlaqələrimiz də genişlənir. Misirin "yaşıl enerji" sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana dəvət edilib. Misir investisiyalı 10-dan çox şirkət qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verir. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq çoxşaxəlidir. SOCAR ilə Misir Dövlət Neft Şirkəti arasında əməkdaşlıq var. Həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əlaqələr inkişaf edir. Ticarət əlaqələri durmadan genişlənir.   AZPROMO ilə MƏR Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFİ) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı həyata keçirilir.  

Humanitar əlaqələrin, birgə sosial layihələrin həyata keçirilməsi sahələrində də tərəflər müsbət təcrübəyə malikdirlər. Hər iki ölkənin regionları arasında birbaşa əlaqələr də yaradılmışdır. Belə ki, Misirin Qəlubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu qardaşlaşmış rayonlar statusuna malikdirlər.           

Ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı şirkətlərin fəaliyyəti, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artması da turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Son zamanlar Misirdən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur.

Möhkəm əminliklə vurğulamaq olar ki, dərin köklərə malik Azərbaycan-Misir əlaqələri indiki gərgin və mürəkkəb dünyamızda həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda qarşılıqlı faydalı əməkdaşlığa təkan verir. Ən əsası da odur ki, tərəflər arasında qarşılıqlı etimad hökm sürür. 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

phrase_var_article.chosen
4
azerbaijan-news.az

1phrase_var_article.sources