AZ

İdeoloji oxudan mədəni sorğuya doğru: tarix, təfəkkür və türkün intellektual keçidi

(Fazil Mustafanın "Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə" kitabı üzərinə bir neçə söz)

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı - "Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə" - bir düşüncə toplusu olmaqla yanaşı, həm də milli-ideoloji durumun, tarix bilincinin və dini-təfəkkür vərdişlərinin köklü sorğulanmasıdır. Belə sorğulama kimimizə xoş gələr, kimimizə xoş gəlməz - bu da normal hal sayılmalıdır. Biz bir fikir adamının kitabında bizi qane etməyən məqamları top-tüfənglə qarşılamamalıyıq. Adıkeçən kitabın redaktoru olmaq surətiylə ilk dəfəydi Fazil bəylə belə dərin yaradıcı fikir alış-verişində bulunurduq; məmnuniyyət və qədirşünaslıqla vurğulamalıyam ki, mənim redaktor olaraq irad, tənqid və önərilərimdən bir çoxunu qəbul etdi və qəbul etmədiklərinə də müəllif özünüsavunma modunda deyil, təmkin və anlayışla yanaşdı. Ona görə, belə hesab edirəm, oxucuların bir sıra polemik məqamları olan bu kitaba dair konstruktiv fikirləri ümumi işin xeyrinə ola bilər. 
Kitab çağdaş Azərbaycan türklüyünün nəyi itirib, nəyi mənimsədiyini, nəyə sarılıb, nəyi yanlış davam etdirdiyini cəsarətli şəkildə düşüncə dartışmasına çıxarır. Tərifdən çox mədəni-diaqnoz, tərənnümdən çox tənqidi metodologiya ilə... Oxucu da bu kitabın mövzusu üzrə rutin dəyişikliyinə xor yox, xoş baxmaqla heç nə itirməz.

Ritorik suallar fonunda tarix fəlsəfəsi

Kitabın əsas fəlsəfi konstruksiyası beş ritorik sual çevrəsində qurulub. "Ey Türk!" xitabı ilə açılan bu suallar müəllifin düşüncə polemikası üçün açdığı meydandır. Bu suallar nə qədər ritorikdirsə, o qədər də radikal seçim tələb edir: 
"bilgisiz inanc, yoxsa bilginin dəyişkən inancı?", "ideoloji məmnunluq, yoxsa faydalı niyyət?"... 
Fazil Mustafa "türk" deyərkən yalnız etnik etalonu yox, mədəni məsuliyyət daşıyan, ictimai faydası olan subyekti nəzərdə tutur.

Əsər boyunca müəllifin başlıca tənqidi mövqeyi budur: türkün tarixi şüuru təhrif olunub - o, əsasən mifə, xurafata, dini və ideoloji qəliblərə söykənir. Bu isə milli bərpa sürəcini gecikdirir - nəinki gecikdirir, hətta yönsüzləşdirir.

Tarixə münasibət: 
keçmişə yox, gələcəyə köklənmiş baxış

Kitabın əsas iddialarından biri də budur ki, biz - Azərbaycan türkləri - XIX yüzildən bəri bioloji keçmişdən mədəni tarixə addım atmış xalqıq; amma bu keçid baş verməklə yetinmir; keçidi dərk etməyin və bilincləndirməyin gərəkliliyi önə çıxarılır. Müəllifə görə, bizim milli yaddaşımız "fövqəltarixi" və "mifoloji" xarakter daşıyır. Bu isə gerçəkçi tarixi, yəni tərəqqi doğuran keçmişi, təkrarçı keçmişlə əvəzləyir.

Kitab bu anlamda, necə deyərlər, postkolonial bir manifestdir: Rusiya işğalının nəticəsində formalaşan "avropalaşma zəmini" bir şans olaraq təqdim edilir. Bu yanaşma müəyyən ziddiyyətlər doğura bilər - işğalı tərəqqiyə aparan yol kimi görmək milli təfəkkürdə kontrast doğurur; amma müəllifin vurğusu ideallaşdırmaya deyil, məcburi çağdaşlaşdırma ortamında formalaşan milli özünüdərkin gerçəkliyinə yönəlir.

Dinə yanaşma: tənqid və sekulyarizm çağırışı

Fazil Mustafanın tənqid vektorunun mərkəzində İslamın yanlış təfsirinə və ideoloji din modelinə baxış dayanır. O, fərqli dönəmlərdə dini təlimlərin əslində düşüncəni yox, itaəti təşviq etdiyini göstərir. Din - təfəkkürə yox, qoruyucu davranış modelinə çevrildikdə, toplum passivləşir. Bu baxış mədəniyyətin fəlsəfi xəritəsində çox önəmli yer tutur.

Müəllifin əsas arqumenti odur ki, İslamın qabaqcıl irsi (Mötəzili gələnək) davam etdirilsəydi, biz bu gün dini yaşamı zehni sekulyarizm müstəvisində yaşayardıq. Məsələ dinə qarşı çıxmaq deyil, əlbəttə - bir növ onu zehni dənətimdən çıxarmaqdır - bu, toplumun düşüncə enerjisini azad edir. Bu fikir, özəlliklə Doğu toplumlarında dinin siyasi alətə çevrildiyi tarixi kontekstdə daha da önəmlidir.

Simvolların tənqidi: kultun de(konstruksiyası)

Əsərin ən bariz və tənqidi cəhətlərindən biri də tarixi simvolların funksional baxışla yenidən qiymətləndirilməsidir. Dövlətçiliyimizin imperiya irsinin bu qədər sərt və açıq şəkildə tənqid olunması bəlkə ideoloji doqmaların qəlibini sındırmaqdır, bəlkə də bir başqa dəyərləndirməni haqq edir. Ümumiyyətlə, ideallaşdırılmış keçmiş qəhrəmanları bu kitabda sanki "funksional yoxlama"dan keçir.

Fazil Mustafaya görə, Səfəvilər Azərbaycan dövlətçiliyinin əsası yox, İran İslam Respublikası ideologiyasının mirasçısıdır. Bu fikrə razılaşmaq da olar, etiraz etmək... Mən şəxsən belə fikirləşmirəm - hesab edirəm, Qacarlar vaxtı Azərbaycan parçalanmasaydı yaxud daha öncəki dönəmdə Nadir Şah sui-qəsdə uğramasaydı, milli və imperiya coğrafiyamızın qədəri tamam başqa cür olacaqdı. Əlbəttə, bizim coğrafiyadan və mədəniyyət uqlimindən, ruhi gücdən ən azı bir neçə qabaqcıl şəxsiyyət doğacaqdı və dünyəvi dövlətə keçid edəcəkdi. Bu, bizim xalqın fitrətindədir - Çar Rusiyasından Sovetlərə keçid aralığında Xalq Cümhuriyyəti qurmağa macal tapan zehniyyətin bənzəri ya Nadir Afşardan Qacarlara qismən və Qacarlardan bir başqa Azərbaycan dövlətinə daha böyük ölçüdə dünyəvi keçid edəcəkdi. 1925-ci ildən bəri - Şah İranı yaxud İslam Cümhuriyyəti İranı olsun - yüzillik boyunca çoxsaylı soydaşımızın öldürülüb, asılıb-kəsilib, həbs edilməsinə, əl-qolunun bağlanmasına və didərgin salınmasına baxmayaraq, yenə bir çox İLKi İrana soydaşlarımız yaşadıb; ən başlıcası, məktəbsiz, kitab-dəftərsiz buraxılmasına - taleyin umuduna buraxılmasına baxmayaraq, milli ruh ölməyib. Arazın bu tayı - Azərbaycanın Quzeyi də işğaldan, ayrı-seçkilikdən, repressiyadan, iki Dünya müharibəsindən "nəsib"ini alıb. Buna baxmayaraq, yaradıb, İLKlərə imza atıb, qurub-yaradıb... Yalnız bir məqama diqqət edək: 1941-45-ci il müharibəsində 3 milyon əhalisi olan respublikamızın ən azı 600 min başıpapaq, əli silah tutan insanı öncəbhəyə göndərilib; onların yarısı həlak olub, hələ ömürlük şikəst qalanları demirəm. - Təsəvvür edin, Azərbaycan parçalanmamış olsaydı, belə böyük sayda soydaşımızın enerjisi, fəaliyyəti elmin, mədəniyyətin, dövlətçiliyin inkişafında necə xidmətlərlə müşahidə olunardı - elə deyilmi?
Lakin onu da danmayaq ki, burada müəllifin əsas məqsədi, milli kimlik kontekstində "kimi miras bilmək", "kimin dəyərini daşımaq" suallarını çılpaq və cavabsız buraxmamaqdır. Yaxşı ki, müəllif məhz Dədə Qorqud irsinə üstünlük verir və Nadir Şahın qabaqcıl dini baxışlarını təqdirlə vurğulayır.

Zəkanın yönü: 
intellektual aristokratiya və elmi təfəkkür

Kitabın geniş fəlsəfi və kulturoloji incələmə müstəvisi düşüncə aristokratiyası ilə xalq kütləsi arasındakı boşluğu araşdırır. Burada Baltacıoğlu, Orteqa y Qasset və Ziya Göyalp kimi düşüncə ustadlarının ideyaları əsasında sual qoyulur: aydınlar xalqdan qıraqda qalmalı, yoxsa xalqın içində dərinləşməlidir?

Bu, eyni zamanda aydınların məsuliyyətinə, funksionallığına və faydasına təxirəsalınmaz çağırışdır. Tənqid aydınların vətəndaş qarşısında, tarix qarşısında daşımalı olduğu intellektual və mənəvi borcun ifadəsidir. - Müəllifin qənaəti belə ümumiləşdirilə bilər.

Azərbaycançılıq və türkçülük: 
coğrafi yoxsa mədəni seçim?

Kitabda Azərbaycan kimliyi ilə türk kimliyi arasında müəyyən qədər gerilimli dinamika müşahidə olunur. Müəllif "azərbaycanlı" kimliyini formal-identik kateqoriya, "türk" kimliyini isə mədəni-mental özək kimi görür. Bu yanaşma təkcə etnik kimlik yox, həm də mədəni yönəliş məsələsidir: biz hansı dəyərləri daşıyırıq və hansı yönə baxırıq?
Müəllifə görə, bu seçimdə əsas şərt - millilik yox, yenilənmə ruhudur. Bu ideya, klassik etnosentrik yanaşmadan fərqli olaraq, mədəni dinamizmi önə çıxarır.

Tənqidi şüurun mədəni platforması

Fazil Mustafanın bu əsəri tarixə, dinə, kimliyə, milli yaddaşa və çağdaşlığın anlamına yalnız ideoloji deyil, həm də kulturoloji-fəlsəfi baxışla yanaşmanın örnəyidir. Kitabın elmi gücü - onun retrospektiv incələmədən çox perspektiv təfəkkürə yönəlməsindədir. O, keçmişə boylanaraq, bugünü təftiş edib, gələcəyə düşüncə yolu çəkmə cəhdidir.

Əsərin ən dəyərli cəhəti isə susqunluğun tabu olduğu sahələrdə düşüncə qapılarını açması, rutin dəyişiminə çalışmaqdır - 
tənqidə cəsarət, 
çağdaşlığa iradə, 
kimliyə yenidən baxış ehtiyacı...

Bu səbəbdən də "Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə" - müəllifin fərdi çağırışlarının yanıbaşında, bütövlükdə çağdaş türk düşüncəsinin aydınlıq çağırışı kimi yorumlana bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
15
2
olaylar.az

10phrase_var_article.sources