Naxçıvan, 23 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında iqlim dəyişikliklərinin təsiri fonunda su ehtiyatlarından səmərəli istifadənin təşviqi məqsədilə fermerlərə güzəştli şərtlərlə müasir suvarma avadanlıqları təqdim olunacaq.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu barədə muxtar respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev fermerlərlə keçirilən görüşdə məlumat verib.
Rafail Quliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən çiləmə və damlama üsulu ilə suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq məqsədilə müasir suvarma avadanlıqlarının satın alınaraq muxtar respublikaya gətirilməsi və həmin avadanlıqların güzəştli şərtlərlə fermerlərə satışı üzrə təkliflər hazırlanır. Layihənin yaxın müddətdə icrasına başlanacaq və bu istiqamətdə maarifləndirici tədbirlər də həyata keçirilir.
Qeyd edilib ki, son illərdə iqlim dəyişikliklərinin təsiri ilə bölgədə su ehtiyatlarında azalma müşahidə olunur. Bu isə kənd təsərrüfatında suya qənaət edən müasir texnologiyaların tətbiqini qaçılmaz edir. Ənənəvi suvarma üsulları ilə su itkisi kifayət qədər yüksəkdir. Damlama və çiləmə sistemləri həm suya qənaət etməyə, həm də məhsuldarlığı artırmağa imkan verir.
Vurğulanıb ki, müasir suvarma sistemlərinin geniş tətbiqi yalnız su resurslarına qənaət deyil, həm də fermerlərin istehsal xərclərinin azalması, torpaq sahələrinin daha səmərəli istifadəsi və ümumilikdə kənd təsərrüfatında dayanıqlı inkişaf üçün mühüm rol oynayacaq.
Görüşdə, həmçinin, muxtar respublikada aqrar sahədə mövcud vəziyyət, problemlər və onların həlli yolları, qarşıda duran əsas hədəflər ətrafında müzakirələr aparılıb. Fermerlər torpaqların suvarılması, kənd təsərrüfatı texnikası ilə təminat, aqrotexniki xidmətlərin təşkili, subsidiya ödənişləri, gübrə və pestisidlərin əlçatanlığı kimi məsələlərlə bağlı üzləşdikləri çətinliklərdən danışıblar.
Nazir qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.