Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər orada yaşayan sakinlərin, eləcə də sərnişinlərin həyatına ciddi təhlükə törədir. Söhbət Nərimanov rayonu, Aşıq Qərib və Məmməd Arif küçələrinin kəşisməsindəki evlərdən gedir.
Publika.az Teleqraf-a istinadən bildirir ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar.
Qeyd edək ki, dəmir yolu xətti ərazidə hələ 1903-cü ildə çəkilib. Son 30-35 il bundan qabağa qədər zəbt olunmuş ərazidə mühafizə zolağı boş idi. Sonralar yaranmış boşluqdan sui-istifadə edən şəxslər tərəfindən qanunsuz olaraq ərazi zəbt olunaraq, torpaq zolağında evlər tikilib. Hazırda ərazidə 161 qeyri qanuni tikilən ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırmalar göstərir ki, bu ailələr Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. İddia edilir ki, bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib. Ərazidən keçən sürət qatarları ilə evlər arasında məsafə demək olar ki yoxdur. Nəticədə çölə çıxan sakinlər qatarla üzləşməli, dəmir yolu xətlərinin üzəriylə hərəkət etməli olurlar.
Dəmir yolunun mühafizə zolağının eni Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən 24 metr məsafə təşkil etdiyi halda sakinlər bilə-bilə qərarın və Azərbaycan Dövlət Tikinti norma və qaydarının tələblərini pozaraq relsin bir neçə metrliyinə qədər tikinti aparıblar. İlk dövrlərdə ərazidə yaşayan sakinlər təhlükəsizlik hasarı olmadığı üçün birbaşa dəmir yolunun üzərindən keçiblər. Lakin dəmir yolunun rekonustrusiyasından sonra ərazidən keçən sürət qatarları təhlükəsizliklə bağlı məsələləri gündəmə gətirib. Mühafizə zolğında dəmir yolu xələrinin yaxınlığından təhlükəsizlik hasarı çəkilib. Dəmir yolunun kontakt şəbəkəsinin üzərindən keçməklə piyada keçidləri inşa edilib. Bununla belə qəzaları, ölüm hadisələrinin sayı azalmayıb.
9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib
Azərbaycan Dəmir Yolları QSC ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirir ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbaxt hadisə baş verib:
“Həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 9 ildə qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb. Evlərin dəmir yolunun mühafizə zolağında yerləşməsi bir tərəfdən dəmiryolu nəqliyyatına da ciddi problemlər yaradır. Təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Bundan əlavə əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Ərazilərin qanunsuz zəbti, qanunsuz tikililərlə bağlı cinayət işi başlayıb, araşdırma aparılır”.
Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Yəni Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Qanunsuz tikililər bu layihələrin reallaşdırılmasını çətinləşdirir. Bundan əlavə dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Sıx məskunlaşma qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir.