"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını "Real"da davam etdirə bilər.
90deqiqe.Az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, "kral klubu" ya yay transfer pəncərəsinin sonlarına yaxın, ya da növbəti yay – futbolçunun müqaviləsinin bitməsinə bir il qalmış – Rodrini heyətinə qatmağa çalışır. Əgər Madrid təmsilçisi transferi bu yay reallaşdırmağa qərar versə, "Siti"yə təklif ediləcək məbləğ ən azı 100 milyon avro olacaq.
Bildirilib ki, Rodri üçün sərfəli təklif "Mançester Siti"nin rəhbərliyini maraqlandıra bilər, çünki bir çox klub onun dizindəki zədədən sonra vəziyyəti ilə bağlı narahatdır. Qeyd olunur ki, gələn yay futbolçunun transfer qiyməti təxminən iki dəfə azalaraq daha münasib ola bilər.
29 yaşlı ispan yarımmüdafiəçi "Mançester Siti"yə 2019-cu ildə transfer olunub. Ötən mövsüm o, yalnız 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Rodri mövsümün böyük hissəsini ön çarpaz bağların qopması səbəbindən buraxıb. Onun klubla mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, Rodrinin hazırkı bazar dəyəri 110 milyon avro təşkil edir.