30 – 31 iyul və 1 avqust tarixlərində Dövlət İmtahan Mərkəzində yuxarı məktəblilər və abituriyentlər üçün ali təhsil müəssisələrinin sərgisi keçiriləcək.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, sərgi çərçivəsində iştirakçılar universitetlər və müxtəlif ixtisas sahələri ilə yaxından tanış olmaq, həmçinin psixoloqlarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Dövlət İmtahan Mərkəzinin psixoloqlar komandası da sərgidə olacaq və iştirakçılar üçün maarifləndirici materiallar, praktik dəstək vasitələri təqdim edəcəklər.
Sərgidə iştirak etməklə siz müxtəlif öyrədici materiallarla tanış olmaqla yanaşı, əyləncəli viktorinada iştirak etmək və ən əsası DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı əldə edə biləcəksiniz.
Bu testlər aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkürün növləri üzrə test;
2. Şəxsi xüsusiyyətlər testi;
3. Peşə maraqları testi.