Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yenikənd kənd sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda icra başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yenikənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək kənd haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Azərbaycan mətbuatının xalqımızın ən ülvi arzularının reallaşmasında müstəsna xidmətləri vardır!” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Azərbaycan mediasının inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu var. Belə ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ulu Öndər jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib.
RİH-in başçısı qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü xüsusi qeyd olunub.
Milli mətbuatın 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı Sərəncamında da göstərildiyi kimi, Azərbaycan XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilib. Bu səbəbdən də iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda milli mətbuatın yaranması zərurəti meydana çıxıb. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmaqla yanaşı, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Mirhəsən Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, avtomobil yolunun təmiri, Yenikənd kəndinin mavi yanacaqla təmin olunması, dayanacaq quraşdırılması, kənd xəstəxanasına ixtisaslı həkimlərin təyin olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.



