Bir çox valideynin arzusu övladının dəcəllik etməyən, ağlamayan, bir sözlə, sakit olmasıdır. Ancaq bu sakitlik heç də həmişə yaxşı olmur. Məsələn , bəzən bir uşaq incidiyində, yıxıldığında belə duyğularını ifadə edə bilmir. Valideyn bunu “övladım sakittəbiətlidir, necə də yaxşı uşaqdır” deyə adlandırsa da, əslində, bəzən sakit uşaq yaxşı yox, duyğularını ifadə edə bilməyən uşaq olur.
Bizim.Media mövzuya psixoloq baxışını da öyrənib.
MÖVZU İLƏ BAĞLI :
Müasir dövrün uşaqları üçün tərbiyə modeli DƏYİŞİR – “Əmr və tələbi qəbul etmirlər”
Psixoloq Ofelya Məmmədova saytımıza açıqlamasında təsdiq edib ki, uşağın sakitliyi hər zaman emosional sağlamlığın göstəricisi deyil.
“Uşağın sakit olması bəzən doğrudan da xarakter xüsusiyyətindən qaynaqlana bilər, lakin bəzən də emosiyaların ifadə olunmaması, qorxuların bastırılması və ya qəbul olunmamaq qorxusunun nəticəsi ola bilər.
“Sakit uşaq” termini ümumiyyətlə “az danışan və özünü az ifadə edən, etiraz etməyən, hər vəziyyətlə uyğunlaşan, ağrını, incikliyi və ya narazılığı səssizcə keçirən, “problemi olmayan” və “sözəbaxan” kimi davranışı olan uşaqlara deyirlər.
Lakin bu sakitlik emosional sağlamlıq göstəricisi deyil. Əksinə, emosiyaların ifadə edilməməsi, uşağın psixoloji rifahı ilə bağlı suallar doğurur”.
Bəs bir uşaq duyğularını ifadə edə bilmirsə, bu nə ilə bağlıdır?
“Uşaqların duyğularını ifadə edə bilməməsi onların daxili aləmində baş verən emosional sıxıntıların əlaməti ola bilər. Bu halın formalaşmasına müxtəlif psixoloji amillər təsir edir. İlk olaraq, qorxu və rədd edilmə təcrübəsi:
Əgər uşaq ağladıqda danlanır, hisslərini paylaşdıqda utandırılırsa, zamanla özünü qorumaq üçün duyğularını gizlətməyə başlayır. Bu isə özünə inamsızlıq və passiv davranışlara səbəb ola bilər.
Həmçinin tərbiyəvi basqılar və stereotiplər də burada rol oynayır. “Yaxşı uşaq ağlamaz”, “kişilər kövrəlməz”, “qız səsini çıxarmaz” kimi ifadələr uşağın duyğularını inkar etməsinə gətirib çıxarır. Bu, onun öz hisslərini qəbul etməməsinə və başqalarının da hisslərini anlamamasına səbəb ola bilər”, -deyə Ofelya Məmmədova qeyd edib.
Bu hallarda uşaqda emosional pozuntular yarana bilər...
“Uşağa duyğularını tanıtmaq, adlandırmaq və paylaşmağı öyrətmək vacibdir. Əks halda, bu bacarıq inkişaf etmir və uşaq böyüdükcə emosional pozuntular, münasibət problemləri ilə qarşılaşa bilər.Uşaq duyğusunu ifadə edə bilmədikdə isə bədəni də reaksiya göstərir. Onda baş ağrısı, qarın ağrısı, tiklər, yuxu pozuntusu yaranır.
Həmçinin özünəinam azalır utancaqlıq, cəmiyyətə qarışmaqda çətinlik yaranır. O, əsəb, ağlama, qışqırıq, aqressiya kimi davranış pozuntuları da nümayiş etdirə bilər.
Hislərini ifadə edə bilməyən uşağın başqalarına qarşı empatiyası zəifləyir, depressiya riski artır, böyüdükcə emosional boşluq hissi yaranır”, - deyə müsahibimiz valideynlərə müəyyən xəbərdarlıqlar edib.
Nəzrin Mirzəyeva, Bizim.Media