AZ

 “Qərbi Azərbaycan İrsi” kitabı təqdim olundu - FOTOLAR

Sədərək rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirə başlamazdan öncə rayonun Heydərabad qəsəbəsində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

İyulun 23-də Sədərək  Rayon İcra Hakimiyyətində təşkil olunan Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar haqqında kitabın I cildinin təqdimatı mərasimində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 


Tədbirdə Sədərək  Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə , Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının Sədərək rayon üzrə nümayəndəsi Heydər Süleymanov çıxış edərək nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə bildiriblər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəmizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu gün təqdim olunan “Qərbi Azərbaycan İrsi” kitabı da bu konsepsiyanın mühüm bir tərkib hissəsidir – tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir. Sonra Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürünü bildirib.

Sonda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.

Seçilən
58
4
manset.az

10Mənbələr