Uşaqlıqda çətinlik yaşamış, yoxsulluğun, imkansızlığın içində böyümüş insanların uğura gedən hekayələri biznes dünyasında az deyil. Onlar arasında elələri var ki, həyatın ən ağır üzünü görüb, amma geri çəkilmək əvəzinə irəli atılıb. Freddi Figgerz (Freddie Figgers) də məhz belə insanlardandır.
Valyuta.az Freddi Figgerzin yoxsulluqdan texnologiya nəhənginə çevrilən ilhamverici həyat hekayəsini təqdim edir.
Doğulandan dərhal sonra zibil qutusuna atılan bu uşaq illər sonra milyonlarla dollar dəyərində texnologiya şirkəti quraraq ABŞ tarixində mobil rabitə operatoruna sahib ilk afroamerikalı sahibkar olub. Bu gün onun təsis etdiyi “Figgers Communication” şirkəti təkcə telekommunikasiya sahəsində deyil, həm də sosial məsuliyyət və insani dəyərlərlə bağlı örnək kimi tanınır.
Uşaqlıqdan başlayan maraq ideyalar yaratdı
1989-cu ildə Florida ştatında dünyaya gələn Freddinin həyatı doğulduğu an dəyişir. Doğulandan bir neçə saat sonra atılan Freddi Nathan və Betty Mae Figgers adlı bir ailə tərəfindən övladlığa götürülür.
Freddi uşaq yaşlarından məhz texnologiyaya maraq göstərir. Bu maraq gələcəkdə onun həyat yolunu dəyişəcəkdi. 9 yaşında istifadəyə yararsız bir “Macintosh” kompüterini təmir edən Freddi 12 yaşında artıq kompüterləri təmir edib pul qazanmağa başlayır. 15 yaşında isə həyətində yerləşdirdiyi balaca bir konteynerdə öz texnoloji biznesini qurur.
İlk icadını 2.2 milyon dollara satır
Freddinin ilk böyük icadı atası üçün hazırladığı GPS izləyicili, iki tərəfli səsli əlaqəyə malik ağıllı ayaqqabı olub. “Alzheimer” xəstəliyindən əziyyət çəkən atasının itməsinin qarşısını almaq üçün hazırladığı bu cihaz daha sonra 2.2 milyon dollara satılıb. Daha sonra isə şəkər xəstəsi olan yaxın qohumu üçün uzaqdan qlükoza səviyyəsini izləməyə imkan verən “ağıllı glucometer” cihazını icad edib. Cihaz qanda şəkərin təhlükəli həddə çatdığı anda avtomatik xəbərdarlıq göndərirdi.
Bütün bu təşəbbüslər və ixtiralar Freddi Figgerzi biznes dünyasına hazırlaşdırır, yeni nəslin texnologiya yönümlü sahibkarına çevirirdi.
Beləliklə, Freddi 2011-ci ildə “Figgers Communication” adlı telekommunikasiya şirkətini təsis etdi. O, bu addımı 21 yaşında ABŞ Federal Rabitə Komissiyasından lisenziya alaraq əldə etmişdi. Bu addım onu ABŞ-də mobil şəbəkəyə sahib ilk afroamerikalı sahibkara çevirdi.
Şirkət bu gün 4G LTE mobil xidmətlər, genişzolaqlı internet və beynəlxalq zəng xidmətləri təqdim edir. Eyni zamanda “F1” adlı təhlükəsizlik funksiyalı smartfon, qulaqlıq və digər texnoloji məhsullar istehsal edir. “F1” modeli avtomobildə hərəkət zamanı mesaj yazmağı avtomatik olaraq bloklayır və qəza riskini azaldır.
Fəaliyyəti təkcə bizneslə məhdudlaşmır
“Figgers Communication” yalnız texnologiya ilə deyil, həm də sosial məsuliyyət layihələri ilə diqqət çəkir. Belə ki, şirkət təbii fəlakət zamanı Puerto Rikoda pulsuz telefon və SIM kart paylayaraq humanitar missiyaya töhfə verib.
Freddi düşünür ki, texnologiya insanlara xidmət etməlidir, yalnız qazanc üçün olmamalıdır.
O, həmçinin “Figgers Foundation” adlı qeyri-kommersiya fondu təsis edib. Fond müəllimlərə tədris vəsaitləri, tələbələrə təqaüdlər, aztəminatlı ailələrə isə gündəlik ehtiyaclar üzrə maddi dəstək göstərir.
Gənclərə ilham verən motivasiya danışıqları
Freddi Figgerz müxtəlif texnologiya konfranslarında, forumlarda və sosial tədbirlərdə çıxış edərək gənclərə motivasiya verir. Onun hekayəsi TEDx kimi platformalarda təqdim edilir.
Sərvanə Rəmixanova