14–20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçirilmiş 5-ci Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) azərbaycanlı məktəbli qızlar yüksək nəticələr göstəriblər.
Publika.az xəbər verir ki, ölkəmizi uğurla təmsil edən Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri, eyni liseyin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Beynəlxalq İnformatika Olimpiadasının (IOI) formatında təşkil olunmuş müsabiqəyə 61 ölkədən 200-dən çox şagird qatılıb. İki gün ərzində hər biri beş saat davam edən proqramlaşdırma sessiyalarında qızlarımız alqoritmik düşüncə və texniki bacarıqlarını nümayiş etdirərək mürəkkəb tapşırıqlar həll ediblər. Qiymətləndirmə təqdim olunan həllərin funksionallığı və texniki dəqiqliyi əsasında aparılıb.
Yarışma proqramından əlavə, olimpiada iştirakçılara Almaniya mədəniyyəti ilə tanış olmaq, həmçinin müxtəlif ölkələrdən həmyaşıdları ilə ünsiyyət qurmaq fürsəti yaradıb. Qızlar Bonn şəhərinin mədəni və tarixi abidələrini ziyarət edib, maarifləndirici və interaktiv tədbirlərdə fəal iştirak ediblər.