AZ

İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...


İyunun 25-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) əməkdaşlığı dayandıran İran geri addım atıb. MAQATE-nin texniki heyəti nüvə əməkdaşlığını müzakirə etmək üçün yaxın iki-üç həftə ərzində Tehrana səfər edəcək.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi açıqlama verib. Qaribabadi Agentliklə yeni görüşlərin hazırkı şəraitdə zəruri olduğunu bildirib: "Yeni şəraitdə öhdəliklərin necə yerinə yetiriləcəyi Agentliklə yeni danışıqları zəruri edir. Bu məsələ bizim üçün böyük əhəmiyyət kəsb edir".

Qaribabadi MAQATE texniki heyətinin yaxın iki-üç həftə ərzində Tehrana səfər edəcəyini deyib. O, bununla belə, texniki heyətin İrandakı nüvə obyektlərinə baş çəkməyəcəyini bildirib.

Qaribabadi deyib ki, İran öz ehtiyaclarına uyğun olaraq uranın zənginləşdirilməsi səylərini davam etdirəcək: “Ehtiyacımız olan hər şeyə nail olmaq üçün gücümüz olmalıdır". İranın xoşməramlı bir jest olaraq uranı zənginləşdirməni könüllü olaraq dayandırıb-dayandırmayacağı ilə bağlı suala isə Qaribabadi, "Bizim bu məsələdə acı təcrübəmiz var. Biz üçüncü tərəflərə arxalanaraq addım ata bilmərik" deyib.

Qeyd edək ki, iyunun 25-də İran İslami Şura Məclisi nüvə obyektlərinin və alimlərin təhlükəsizliyi təmin olunana qədər MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul edib. İran prezidenti Məsud Pezeşkian isə iyulun 2-də qanunu rəsmən təsdiqləyib.

TAHİR

Seçilən
69
baki-xeber.com

1Mənbələr