Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında növbəti dəfə sülh danışıqları keçirilib. Görüş hər iki tərəfin iştirakı ilə baş tutub və bir sıra humanitar məsələlər, o cümlədən məhbus mübadiləsi müzakirə olunub. Məlumata görə, tərəflər 1,200 nəfərin qarşılıqlı azad olunması barədə razılığa gəliblər.
Lakin danışıqların qısa və nəticəsiz olması, xüsusilə atəşkəs məsələsində razılaşmanın əldə edilməməsi, prosesin hələ də həssas və qeyri-sabit olduğunu göstərir. Görüşün diplomatik dəyəri tanınsa da, analitiklər bu mərhələni simvolik addım kimi qiymətləndirir və sülhə real yaxınlaşmanın hələ mümkün olmadığını vurğulayırlar.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, Rusiya hazırda paradoksal mövqedədir - o qədər zəifdir ki, Ukraynanı tam nəzarətə ala bilmir, amma eyni zamanda o qədər güclüdür ki, Ukraynanı alsa, Avropaya müdaxilə edə bilər:
“Dünənki görüşdən dərhal sonra Medvedevin açıqlaması verildi. Bu, Rusiya tərəfinin daxildə artan gərginliyi və strateji məqsədlərinə çatmaqda yaşadığı çətinlikləri göstərir. Bütün danışıqlardan sonra oxşar vəziyyət yaranır yəni, görüşlər nəticəsiz qalır, gərginlik isə artır. Müharibə içərisində sanki yeni bir müharibə başlayır".
Politoloq əlavə edib ki, avqust ayı olduqca kritikdir. Qərbdən Ukraynaya ayrılan silah və yardım ehtiyatlarının tükəndiyi bildirilir, Rusiya tərəfində isə iqtisadi və logistik problemlər artmaqdadır. Bu səbəbdən qarşıdan gələn aylar münaqişənin gələcək trayektoriyasını müəyyən edə bilər:
“Hər iki tərəfdə resurslar azalmaqdadır. Qərb silah yardımlarını davam etdirməkdə tərəddüd edir, Rusiya isə hərbi gücünü tam bərpa edə bilmir. Nəticədə, hadisələrin necə inkişaf edəcəyini yalnız payız aylarında daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq.”
Əlibəylinin sözlərinə görə, beynəlxalq sülh təşəbbüsləri hər nə qədər vacib olsa da, indiki mərhələdə real nəticə doğurmur. Hər görüşdən sonra tərəflərin bir-birinə qarşı ritorikası sərtləşir və yeni hədələr səslənir ki, bu da danışıqlara olan inamı azaldır.
Aqil Qarayev