Bu gün çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal qarşılaşmaları baş tutub.

Offsideplus.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda ilk olaraq həm qadınlar, həm də kişilər arasında yarımfinal oyunları oynanılıb və finala yüksələn komandalar müəyyənləşib.

Qadınların yarışında “AZERRAIL-1” komandası “Milli Aviasiya Akademiyası-1” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Digər finalçı isə “AZERRAIL-2” və “Milli-2” komandaları arasında keçirilən qarşılaşmada müəyyənləşib. Görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “AZERRAIL-2” adını finala yazdırıb.

Kişilərin mübarizəsində yarımfinalın ilk qarşılaşması “Xilasedici-2” və “Murov Az Terminal-4” komandaları arasında olub.  Görüş 2:0 hesabı ilə “Xilasedici-2”nin xeyrinə başa çatıb. Digər finalçının adına “AZERRAIL-1” və “AZERRAIL-2” komandaları arasında keçirilən oyunda aydınlıq gəlib. Bu görüşdə 2:0 hesablı qələbə qazanan “AZERRAIL-1” finala yüksəlib.

Bununla da bürünc medal uğrunda qarşılaşmalarda qadınlar arasında “Milli Aviasiya Akademiyası-1” – “Milli-2”, kişilər arasında isə “Murov Az Terminal-4” – “AZERRAIL-2” komandaları qarşılaşıb. Qadınlar arasında “Milli Aviasiya Akademiyası-1”, kişilər arasında isə “AZERRAIL-2” komandaları qələbə qazanıblar və ölkə çempionatının bürünc medallarına sahib çıxıblar.

Qeyd edək ki, çempionatın final oyunları və mükafatlandırma mərasimi iyulun 25-də gerçəkləşəcək.

Finalda qalib gələn qadın və kişi komandaları klublararası Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

Azərbaycan çempionatı

24 iyul 

Qadınlar

Yarımfinal

“AZERRAIL-1” - “Milli Aviasiya Akademiyası-1” 2:1 (17:21, 21:13, 15:5)

“AZERRAIL-2” - “Milli-2” 2:0 (21:12, 21:11)

Bürünc medal

“Milli Aviasiya Akademiyası-1” - “Milli-2” 2;0 (21:15, 21:10)

Kişilər

Yarımfinal

“AZERRAIL-1” - “AZERRAIL-2” 2:0 (21:06, 21:11)

“Xilasedici-2” - “Murov Az Terminal-4” 2:0 (21:17, 21:9)

Bürünc medal

“AZERRAIL-2” - “Murov Az Terminal-4” 2:1 (21:12, 15:21, 15:7)

25 iyul 

Final (qadınlar)

17:00. “AZERRAIL-2” - “AZERRAIL-1”

Final (kişilər)

19:00. “AZERRAIL-1” - “Xilasedici-2”