AZ

AZAL təyyarəsini vuran rus kapitanın səs yazısı: "Minval Politika" sensasion məlumatları yaydı!

"Ölkə.az" xəbər verir ki, dekabrın 25-də Azərbaycanın mülki hava gəmisinin vurulmasında iştirak etmiş Rusiya hərbçisi – kapitan Dmitri Paladiçukun şəxsi səs yazıları Minval Politika redaksiyasının əlinə keçib və bu gün ictimaiyyətə təqdim olunub.

Minval Politika-nın baş redaktoru Emil Mustafayev bu səs yazılarının kapitanın öz həmkarlarına göndərmək üçün hazırladığı şəxsi açıqlamalar olduğunu bildirib. Qeyd olunur ki, audioyazılarda Paladiçuk AZAL reysinə endirilən zərbə ilə bağlı təfərrüatları açıq şəkildə izah edir, əmri haradan aldığı, nələri niyə etdiyi barədə açıq danışır. 

Redaksiya qeyd edir ki, səs yazılarında çoxlu sayda söyüş və qeyri-senzura ifadələri yer alır və dinləyicilər bu baxımdan ehtiyatlı olmalıdır.

Minval Politika-nın baş redaktoru Emil Mustafayev sensasiyalı ifşa ilə bağlı əlavə bəyanat yayıb:

“Əvvəldən bu sənədlərin yüz faiz həqiqiliyini iddia etməmişik. Ancaq onların istintaq və ictimaiyyət üçün əhəmiyyətini nəzərə alaraq, məlumatları yayımlamağa qərar verdik. Üstəlik, Rusiyanın müstəqil media qurumları – Ağentstvo, ASTRA və The Insider bizim yayımladığımız məlumatların autentikliyini artıq təsdiqləyib.”

Mustafayev qeyd edib ki, bir ay keçməsinə baxmayaraq, Rusiya hakimiyyəti və dövlət strukturları bu ifşalara heç bir reaksiya verməyib. Redaksiya bunu dolayısı ilə faktların etirafı kimi qiymətləndirir.

“Əgər rəsmi təkzib və ya faktiki əks arqument təqdim olunsa, biz redaksiya olaraq səhvimizi qəbul edib, üzr istəməyə hazırıq,” – deyə baş redaktor vurğulayıb.

Bu ifşa ilə Minval Politika AZAL faciəsinin əsas icraçılarından birinin səsi və sözləri ilə məsuliyyət zəncirinin real simasını ortaya qoydu. Açıqlamalar həm istintaq üçün, həm də Azərbaycan ictimaiyyəti üçün tarixi əhəmiyyət daşıyır.

"Ölkə.az" səs yazılarını təqdim edir.

 

Seçilən
91
23
olke.az

10Mənbələr